Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzerinin yeni versiyası istifadəçilərin razılığı olmadan onları avtorizasiya edir


İnformasiya təhlükəsizliyi üzrə ekspertlər “Chrome” brauzerində istənilən qurğuda avtomatik avtorizasiya funksiyasının istifadəyə verilməsi ilə bağlı öz narahatçılıqlarını bildiriblər. Bu halda istifadəçilərdən razılıq istənilmir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” resursuna istinadən yazır ki, sözügedən dəyişikliklər brauzerin 69-cu versiyasında reallaşdırılıb. Bundan əvvəl müxtəlif qurğular arasında baxış tarixçəsi, əlfəcin və parolları (bu məlumatlar şirkətin serverlərində saxlanılır) sinxronlaşdırmaq istəyən istifadəçilər özləri “Google” hesabına daxil olmalı idilər. “Chrome 69” brauzerində isə istifadəçi axtarış sisteminin istənilən xidmətinə (məsələn, “Gmail” və ya “YouTube”) daxil olan kimi, onun hesabı brauzerə avtomatik qoşulur.
 
“Google”un nümayəndələri bildiriblər ki, dəyişikliklər istifadəçilərin rahatlığı üçün nəzərdə tutulub. “Chrome”un mühəndisi Adriyen Felt Porter izah edib ki, brauzerin yeni versiyası istifadəçini avtomatik avtorizasiya edir, amma onun məlumatları faktiki olaraq “Google”un serverlərinə yüklənmir.
 
Emil Hüseynov






25/09/18    Çap et