Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur İT şirkətləri istifadəçi məlumatlarının mübadiləsi haqqında saziş imzalayıblar


“Adobe”, “Microsoft” və “SAP” informasiya texnologiyaları şirkətləri “Ignite 2018” konfransı zamanı “Open Data Initiative” adlı alyansın yaradılması ilə bağlı razılığa gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, şirkətlərin bəyanatına görə, alyansın məqsədi məlumat mübadiləsində maneələrin aradan qaldırılması və istifadəçilər barədə vahid təsəvvürün yaradılmasıdır. Yeni layihə çərçivəsində ümumi model əsasında “Adobe Experience Cloud” və “Adobe Experience Platform”, “Microsoft Dynamics 365”, eləcə də “SAP C/4HANA” və “S/4HANA” platformaları arasında məlumat mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Model “Azure” “bulud”unda ümumi məlumat servisindən istifadəyə imkan verəcək. Bunun sayəsində alyans iştirakçıları istənilən texnoloji vasitələrin köməyi ilə mobil proqramlar yarada biləcəklər.

Məlumata görə, mayın 25-də Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarının (General Data Privacy Regulations - GDPR) qüvvəyə minməsi istifadəçilərin razılığı ilə təqdim edilən  məlumatlardan istifadə üçün xərcləri xeyli artırıb. Yeni şəraitdə birbaşa marketinq internetdə istifadəçilərin davranışının izlənilməsindən asılı olan reklam ekosistemindən daha sərfəli görünür.

Qeyd edək ki, “GDPR” şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilir, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

Nizam Nuriyev






27/09/18    Çap et