Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan "Caspian Telecoms 2012" XI sərgi-konfransında təmsil olunacaq


Azərbaycan Türkiyə, Xəzər regionu və Mərkəzi Asiyanın telekommunikasiya və informasiya texnologiyaları üzrə "Caspian Telecoms 2012" XI sərgi-konfransında təmsil olunacaq. Bu barədə "Iteca Caspian" şirkətindən məlumat veriblər. "Caspian Telecoms 2012" telekommunikasiya konfransı aprelin 19-20-də İstanbulda keçiriləcək.

"Caspian Telecoms 2012" sərgi-konfransının təşkilatçıları qismində beynəlxalq şirkətlər - "ITE Turkey" (Türkiyə), "ITE Moscow LLC" (Rusiya) və "Iteca Caspian" (Azərbaycan) iştirak edirlər.

Sərginin işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Monqolustan, Qırğızıstan və digər ölkələrin rəsmi nümayəndə heyətləri iştirak edəcəklər.

Azərbaycan tədbirin işinə həmişəki kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri səviyyəsində qatılacaq. "Caspian Telecoms 2012"-nin işində dünyanın 35 ölkəsindən 400 nümayəndə heyətinin iştirakı gözlənilir.

Ölkələrin nümayəndə heyətləri rabitə siyasəti, perspektiv texnologiyalar və qabaqcıl texnologiyaların tətbiqinin aktual məsələlərini müzakirə edəcəklər. Konfransda avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları, beynəlxalq təşkilatlar və s. iştirak edəcəklər.

Konfrans 2001-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini toplayır. "Caspian Telecoms" haqlı olaraq Xəzər regionu, MDB ölkələri, Türkiyə və Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə öz sahəsində qabaqcıl forum kimi tanınıb.

Konfrans zamanı keçirilən sərginin təqdimatı telekommunikasiya şirkətlərinə regionun telekommunikasiya sahəsinin inkişafı və modernləşdirilməsinə kömək edən müasir texnologiyaları və xidmətləri təqdim etməyə imkan verəcək.




31/10/11    Çap et