"Artıq bir neçə müddətdir ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqələndiricisi olduğu İKT sahəsində İnvestorlar Klubu yaradılıb. "İnnoİnvest" adlanan klub ölkəmizdə İKT sahəsində sahibkarlığın inkişafı, bu sahəyə özəl sərmayələri cəlb etməklə büdcə xərclərinin azaldılması, İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək". Bu barədə İdeyadan Biznesə" layihəsi çərçivəsində Şəkidə təşkil olunan "İnnoCamp" innovasiya düşərgəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib. O qeyd edib ki, "İdeyadan Biznesə" layihəsinin əhatə dairəsi daha da genişləndirilib.
""İnnoİnvest" İnvestorlar Klubu sayəsində investorlar perspektivli İKT layihələrinə sərmayə yatırmaqla yüksək gəlir əldə etmək, innovativ layihələrdə bir neçə investorla bir araya gələrək ortaq fond yaratmaq, habelə, dövlətdən dəstək almaq kimi imkanlar əldə edə biləcəklər. Perspektivli startap layihələri isə investorlarla birbaşa görüşmək, startaplar üçün daha sərfəli şərtlərlə investisiya əldə etmək imkanı qazanacaqlar. Artıq klubun fəaliyyətinin bir istiqaməti kimi "crowdfunding" maliyyələşmə forması "İdeyadan Biznesə" layihəsinin saytında xüsusi bölmədə - "http://i2b.az/az/innoinvest" yaradılıb".
R.Əziziov vurğulayıb ki, klubun üzvləri qismində şirkətlər, uğurlu sahibkarlar, startaplara investisiya yatıran fərdi sahibkarlar (biznes mələkləri), klub vasitəsilə uğur əldə etmiş startapçılar çıxış edə bilər.
O, artıq bir sıra uğurlu startapların bu platformaya qoşulduğunu qeyd edib.