Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BƏƏ və “NASA” arasında kosmonavtların hazırlığı haqqında saziş imzalanıb


Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi ilə ABŞ Kosmik Agentliyi (NASA) arasında əmirlik kosmonavtlarının ABŞ-ın kommersiya kosmik gəmilərinin göyərtəsində kosmosa göndərilməsi üçün hazırlığı haqqında saziş imzalanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, sentyabrdan iki əmirlik kosmonavtı 2019-cu ilin aprelində Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə uçuş üçün Ulduz şəhərciyində hazırlıq keçir. Kosmonavtlardan birinin Beynəlxalq Kosmik Stansiyaya uçuşunun aprelin 5-16-da baş tutacağı gözlənilir.

“BƏƏ Kosmik Agentliyi Bremen şəhərində (Almaniya) kosmonavtika məsələlərinə həsr edilmiş beynəlxalq konfransda “NASA” ilə pilotlu kosmik uçuşların təşkili üzrə tarixi saziş imzalayıb. Sənəd əmirlik kosmonavtlarının ABŞ-ın kommersiya nəqliyyat vasitələrində kosmosa göndərilməsi üçün “NASA” obyektlərində hazırlıq strukturunu nəzərdə tutur”, - BƏƏ Kosmik Agentliyinin məlumatında deyilir.   

Sazişi BƏƏ Kosmik Agentliyinin Direktorlar Şurasının sədri Əhməd bin Abdulla əl-Falasi və “NASA” rəhbəri Cim Braydenstayn imzalayıb.

Nizam Nuriyev






03/10/18    Çap et