Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Dövlət Universitetində də "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirildi


"İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil ocaqlarını əhatə edən startap turu bu gün Bakı Dövlət Universitetində təşkil olunub. 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri  Rəşad Əzizov "İdeyadan Biznesə" layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, layihə innovativ ideyaların müəyyən edilərək biznesə çevrilməsinə xidmət edir. O, layihənin həyata keçirildiyi müddət ərzində artıq 20-dən çox ideyanın qalib seçildiyini diqqətə çatdırıb.

"Bu təşəbbüsə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı,  "Microsoft" və "Azercell" şirkətləri dəstək verir"- deyə R.Əzizov qeyd edib.

 Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov isə çıxışı zamanı təmsil etdiyi qurum tərəfindən gənclərə dəstək məqsədi ilə bir çox layihənin həyata keçirildiyini və tələbələrin bu imkanlardan yararlana biləcəyini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin tələbələrinə startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Təlimdən sonra mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 7 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb.

Müsabiqə mərhələsində hər komanda 3 dəqiqə ərzində öz layihəsini  münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri "İdeya", "İnnovasiyalar", "Texnologiyalar" və "Mümkünlük" kriteriləri üzrə qiymətləndiriblər.

Müsabiqədə I yeri "Xilaskar braslet", II yeri "Yoldaş",  III yeri isə "Mayak" komandası tutub.
Tədbirin yekununda qaliblər mükafatlandırılıb və 8 oktyabrda Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.  


















































03/10/18    Çap et