Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektli smartfon elektron poçt məlumatlarını cavablandıracaq


"Android" əməliyyat sisteminin tərtibatçısı Endi Rubinin təsis etdiyi "Essential" startapı süni intellektə malik smartfon hazırlamağa başlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, kiçik ekranla təchiz ediləcək smartfonun idarəetməsi həm düymələr, həm də səsli komandalar vasitəsilə həyata keçiriləcək. Qurğu elektron poçt ilə daxil olan məktubları avtomatik cavablandıra və görüşlər təyin edə biləcək. Bundan başqa, smartfon istifadəçisi zənglər etmək, eləcə də istədiyi vaxt bildirişlərə müstəqil cavab vermək imkanına malik olacaq.  

Qurğunun prototipinin ilin sonunadək, işlək versiyasının isə 2019-cu ilin yanvarında "CES" sərgisində təqdim olunması planlaşdırılır. "Essential" smartfonu onun ekranı qarşısında az vaxt keçirmək istəyənlər üçün qurğu kimi qələmə vermək niyyətindədir.

Şirkət nümayəndələri qurğunun hazırlanması ilə bağlı informasiyanı şərh etməkdən və onun texniki xüsusiyyətlərini dəqiqləşdirməkdən imtina ediblər.

Nizam Nuriyev






13/10/18    Çap et