Avropa Birliyi mobil bankçılıq üçün biometrik autentifikasiyanı təhlükəli hesab edir
Gələn il milyonlarla avropalı mobil bankçılıq üçün öz hesabında avtorizasiyadan keçərkən gözlənilmədən çətinliklərlə üzləşəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin istehsalı olan qurğularda tətbiq edilən “Face ID” sifət skanerinə oxşar biometrik autentifikasiya sistemləri uzun müddət mobil bankçılıq xidmətlərində istifadəçilərin avtorizasiyadan keçməsi üçün rahat və təhlükəsiz mexanizm hesab edilib. Lakin tezliklə bu vəziyyət dəyişə bilər, çünki Avropa Birliyi mobil ödənişlərinin həyata keçirilməsi üçün yalnız biometrik autentifikasiyadan istifadəni çox təhlükəli hesab edib. Banklar yenidən parol, təhlükəsizlik sualları və kardriderlərdən istifadə etməli olacaq.
Dəyişikliklər 14 sentyabr 2019-cu il tarixində Avropa Birliyinin “PSD2” Ödəmə Direktivinin reallaşdırılmasının tamamlanması çərçivəsində qüvvəyə minəcək. Sənədə əsasən, banklar bütün əməliyyatların həyata keçirilməsi vaxtı ikimərhələli autentifikasiyadan istifadə etməli olacaq. Məsələn, “Face ID” texnologiyasının köməyi ilə biometrik autentifikasiya ikimərhələli autentifikasiyanın yalnız bir mərhələsi hesab ediləcək, ikinci mərhələ kimi isə parol, token və ya kardrider kimi ayrıca qurğu istifadə edilməlidir.
Emil Hüseynov