Yuxu üçün “ağıllı” “Xiaomi” qurğusu buraxılıb
“Xiaomi” şirkəti yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verən “Easy Air Brain Wave Sleeping Eye Mask” qurğusunu təqdim edib. Maska şəklində olan qurğu yuxuya daha tez getməyə və orqanizmin yaxşı istirahətinə şərait yaradır. Bu məqsədlə aksesuar istifadəçinin beyin fəaliyyətinin analizi üçün süni intellekt texnologiyalarından istifadə edir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, maska beyin dalğalarını tutan və göz nahiyəsində yerləşən 3 elektrodla təchiz edilib. Əldə olunan məlumatlar münasib musiqinin səsləndirilməsi üçün süni intellekt alqoritmləri tərəfindən real vaxt rejimində analiz edilir. Melodiyanın səsi istifadəçi yuxuya gedən zaman tədricən azalmağa başlayaraq beyini rahatlayır, səhər isə yuxu fazaları nəzərə alınmaqla adi zəngli saatdan istifadədə olduğu kimi, stress yaratmamaq üçün rəvan şəkildə yüksəlir. Nəticədə insan özünü dincəlmiş və gümrah hiss edir.
“Easy Air Brain Wave Sleeping Eye Mask” kətan parçası kompozitinin əvəzedicisindən hazırlanıb, üst tərəf isə yüksək elastikli süngər formasındadır. Bu, normal hava ventilyasiyasının saxlanılmasına xidmət edir və maskadan ilin istənilən fəslində istifadəyə imkan verir. Çəkisi 50 qram təşkil edən qurğu işığın düşməsinin 99 faizinin qarşısını alır. Maskanın yumşaq hissəsini çıxarmaq və yumaq mümkündür.
Çində yeni “Xiaomi” qurğusunun təxmini qiyməti 36 dollar təşkil edir.
Nizam Nuriyev