Yeni “Chrome 70” brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib
“Google” şirkəti tərəfindən təqdim edilmiş “Chrome 70” brauzerinin yeni versiyasında yeniliklərin əsas hissəsi təhlükəsizlik və köhnə səhvlərin aradan qaldırılması ilə bağlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-tech.mail.ru” saytına istinadən yazır ki, tərtibatçılar ilk növbədə “Chrome 69” brauzerində tətbiq edilmiş və istifadəçilərin narazılığına səbəb olmuş yeni funksiyanı ləğv ediblər. Belə ki, “Chrome” brauzeri vasitəsilə “Google” hesabına daxil olduqda brauzer avtomatik profilə bağlanırdı. Bundan sonra istifadəçi istəməsə belə brauzerin tarixçəsi, vərəq və şifrlər sinxronlaşdırılır. Bu, məsələn, kənar kompüterdən “Google” hesabına daxil olduqda problem yarada bilərdi.
“Chrome 70” brauzerində qorunmamış HTTP protokolu ilə mübarizəyə böyük önəm verilir. İndi loqin və şifri daxil edərkən məlumatları şifrsiz ötürən saytlarda axtarış sətrində qırmızı rəngdə "təhlükəsiz deyil" xəbərdarlığı göstəriləcək.
Emil Hüseynov