Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çap maşını klaviaturalı “Samsung” noutbuku təqdim edilib


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Samsung Notebook Flash” portativ kompüter modelini təqdim edib. Qurğunun fərqləndirici cəhəti retro üslubunda dizayn və ən yeni simsiz rabitə standartlarının dəstəklənməsidir.   

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Samsung Notebook Flash” noutbukunun klavişləri xarici görünüşünə görə çap maşınını xatırladır. Daha bir maraqlı detal isə əl ilə toxunduqda parçaya oxşayan iş paneli örtüyüdür.

Bildirilir ki, aparat platformasına görə də çap maşınlarına bənzəyən noutbuk qənaətcil “Intel Pentium N5000” prosessoru və 4 giqabaytlıq operativ yaddaşla (müasir tələblər üçün azdır) təchiz edilib. Sərt diskin həcmi 128 giqabayt, Full HD ekranın diaqonalı isə 13,3 düym təşkil edir.

Qurğu məlumatları 1,7 Qbit/saniyə sürətlə ötürməyə imkan verən “Wi-Fi” modulu, eləcə də “Bluetooth 5.0” adapteri ilə təchiz olunub.

Cənubi Koreya bazarında qiyməti təxminən 700 dollara bərabər olacaq noutbukun çəkisi 1370 qramdır. Qurğunun avtonom iş müddəti barədə məlumat verilmir.

Nizam Nuriyev






23/10/18    Çap et