Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dinlənilmədən qoruyan SİM kart ixtira edilib


Böyük Britaniyanın “Brass Horn Communications” startapı anonim rabitə üçün SİM kartın prototipini yaradıb. “TOR” protokoluna əsaslanan SİM kartda danışıqları dinləmək və SMS bildirişlərini izləmək mümkün deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “TOR” texnologiyası sayəsində istifadəçi dinlənilmə təhlükəsi olmadan telefonla sərbəst danışa bilər. Dəstə SİM kartla yanaşı, smartfonda “TOR” serverlərinə təhlükəsiz qoşulmanı quraşdıran xüsusi proqram təminatı daxildir. Bundan başqa, mobil qüllələr vasitəsilə belə SİM kart istifadəçisinin olduğu yeri müəyyənləşdirmək çətindir, çünki siqnal şifrlənir və digər abunəçilər arasında bir-birinə qarışır.  

Startap təsisçisi Qaret Levelin bildirib ki, məxfilik hamıya şamil edilməlidir. O, SİM kartı satışa çıxarmaqla yanaşı, “TOR” şəbəkəsini Britaniya ərazisində genişləndirmək niyyətindədir. İlk növbədə onun ixtirası jurnalistlər və onların informatorları, siyasi fəallar və həyatı təhlükə altında olan insanlar üçün faydalı olacaq.

Qeyd edək ki, bu yaxınlarda “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün populyar “Tor” anonim brauzerinin ilk rəsmi versiyası təqdim edilib.

“Tor” şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.

“Tor” layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi-tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.
Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.

Nizam Nuriyev






25/10/18    Çap et