“Samsung” şirkəti “Xiaomi” zavodunda smartfon istehsalına başlayıb
“Samsung” şirkəti Çində “Galaxy A6s” smartfonunu təqdim edib. Bu, kənar zavodda – “Xiaomi” smartfonlarının istehsalı ilə məşğul olan “Wintech” fabrikində istehsal edilən ilk “Samsung” smartfonudur.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ferra” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısı bu addımı Çin bazarında payı azalandan sonra atmaq məcburiyyətində qalıb. Orta və ilkin səviyyəli smartfonlar “Wintech” fabrikində qiymətləri ucuzlaşdırmaq və onların rəqabət qabiliyyətini artırmaq məqsədilə istehsal ediləcək. Bu smartfonlar yalnız Çin bazarında satış üçün nəzərdə tutulub.
Məlumata görə, “Samsung Galaxy A6s” modeli “Full HD+” (1080 х 2220 piksel) təsvir ölçülü 6 düym diaqonallı ekran, arxa panel barmaq izi skaneri, 12 meqapikselli arxa və ön qoşa kamera ilə təchiz edilib. Yeni modelin aparat əsasını “Snapdragon 660” prosessoru, “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 6 və 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3300 milliamper/saata bərabərdir.
Bundan başqa, iki SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5 LE”, “GPS + GLONASS, “NFC”, modemləri və “USB Type-C” portu dəstəklənir. Smartfon “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
“Samsung Galaxy A6s” smartfonu qara, qırmızı və mavi rəngdə təklif olunur. Onların qiyməti yaddaş tutumuna görə dəyişir (6+64 giqabaytlıq model 258 dollar, 6+128 giqabaytlıq 316 dollar).
Nizam Nuriyev