Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında çıxış edib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı öz işini davam etdirir.
 
 
Konfransa hökumət başçıları, İKT sahəsi üzrə nazirlər, nazir müavinləri, akademik təsisatların, eləcə də, özəl şirkətlərin nümayəndələrindən ibarət 2500-dən çox iştirakçı qatılıb.
 
 
29 oktyabrdan öz işinə başlayan konfrans noyabrın 16-dək davam edəcək.
 
 
Bu gün səlahiyyətli konfrans çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.
 
 
Nazir bildirib ki, Azərbaycan İKT sektorunun inkişafı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirak etmək üçün davamlı işlər görür.
 
 
Azərbaycanın İKT-nin İnkişafı üzrə "Əlaqəlik 2020" Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edən R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm  siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb.
 
 
O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyası"nda öz əksini tapıb.
 
 
"Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan  Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64%-də kompüter var. Ölkədə hər 100 nəfərə düşən  mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, "4G" texnologiyalarının tətbiqini  genişləndiririk. İKT infrastrukturuna  qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi  məkanına çevriləcək".
 
 
BTİ tərəfindən dəstəklənən "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)" layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttinin inşasıdır. R.Quluzadə bildirib ki, bu layihə "rəqəmli fərqliliyi" aradan qaldıracaq və  dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaqdır.
 
 
Səlahiyyətli konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyən edəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın öz növbəsində İttifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb".
 
 
Plenar iclas gün ərzində öz işini müxtəlif mövzuların müzakirəsi üzrə davam etdirib.






31/10/18    Çap et