Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi: “Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk”


Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) Huoilin Zao yenidən Baş katib seçilib. Qeyd edək ki, BTİ BMT-nin  informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış xüsusi təsisatıdır. Növbəti dönəm üçün Baş katib vəzifəsinin icrasına 1 yanvar 2019-cu ildən başlayacaq H.Zao “Azərtac” İnformasiya Agentliyinə müsahibə verib. 
 
 
Hörmətli Baş katib, yenidən Beynəlxalq Telekommunikasiya İttifaqına rəhbər seçilməyiniz münasibəti ilə Sizi təbrik edirik. Bilmək istərdik ki, geridə qalan 4 ildə dünyada İKT sahəsində hansı irəliləyişlər qeydə alınıb?
 
Səmimi təbrikiniz üçün təşəkkür edirəm. Bilirsiniz ki, BTİ İKT texnologiyaları və xidmətləri üçün cavabdehlik daşıyır. Bizim məqsədimiz, dünya miqyasında əhalinin bu xidmətlərə çıxışını təmin etməkdən ibarətdir. Son onillik müddətdə biz dünyanın hər bir yerində böyük nailiyyətlər əldə etmişik, buna baxmayaraq, hələ də problemlərlə qarşılaşırıq. Çünki dünyada əhalinin yarısı hələ də bu xidmətlərdən istifadə imkanına malik deyildir.
 
Dubay şəhərində İttifaqın növbəti Səlahiyyətli Konfransı keçirilir. Bu konfransın əhəmiyyəti nədən ibarətdir?
 
Bu konfrans BTİ-nin son dörd ildə keçirilən ən yüksəksəviyyəli konfransıdır. Biz, strateji planı işləyib hazırlamaq məqsədilə bütün iştirakçıları, üzvləri, partnyorlarımızı, xüsusən üzv-ölkələri bu tədbirə dəvət etmişik. Eyni zamanda, bu tədbirdə texnologiyaların təkmilləşdirilməsi, habelə bütün əhalinin qabaqcıl texnologiyalardan yararlanması imkanlarının genişləndirilməsi,  İKT-nin verdiyi faydalardan istifadə edə bilməyən bəzi ərazilərdə əhali üçün mövcud resursların inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılacaq və mühüm qərarlar qəbul ediləcək. BTİ-nin 193 üzv-ölkəsi bu tədbirdə bir araya gəlib. İclas növbəti dörd il və ondan sonrakı illərdə İKT sənayesi üçün yeni imkanlar açacaq.   
 
 
Cənab Baş katib, Azərbaycan BTİ-nin fəal üzvlərindən biridir. Bizim ölkədə İKT sahəsində həyata keçirilən işləri necə qiymətləndirirsiniz? 
 
 
Şəxsən mən Azərbaycanda İKT sahəsində həyata keçirilən işləri yaxından izləyirəm. Ölkəniz bu sahədə çoxlu sayda nailiyyətlər əldə edib və “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verib. Avrasiya regionunda, eləcə də, dünyanın digər ərazilərində də İKT-nin inkişafını dəstəkləmək üçün Azərbaycan faydalı işlər görür. Biz Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk və bilirik ki, Azərbaycan BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan son illər ərzində keçirilmiş İKT tədbirlərində fəal iştirak etməklə bərabər, həm də özü bu sahədə yüksəksəviyyəli tədbirlərə ev sahibliyi edir. Ümid edirik ki, Azərbaycan BTİ Şurasına yenidən üzv seçiləcək. Bundan başqa, Azərbaycan BTİ-nin Radio Reqlament İdarəsinə üzv seçilmək üçün özünün yüksək ixtisaslı ekspertlərini təqdim edib. Yuxarıda dediklərimə əlavə olaraq bildirmək istərdim ki, Azərbaycanın bu cür  böyük nailiyyətlər əldə etməsində ölkə Prezidentinin böyük dəstəyini yüksək qiymətləndiririk.






01/11/18    Çap et