Məlumat Hesablama Mərkəzinin nümayəndələri “İSSE-2018” konfransında iştirak edir
Belçikanın paytaxtı Brüssel şəhərində "İSSE-2018" konfransı öz işinə başlayıb. 6-7 noyabr tarixlərində keçirilən konfransda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil edirlər.
Açılış nitqi ilə e-İdentifikasiya və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının başçısı Con Şamah qonaqları salamlayıb. Daha sonra "Microsoft" şirkətinin Bulud İdentifikasiyası və Məxfi Xidmətlər üzrə direktoru Ronni Bicons, "İBM" şirkətinin Müəssisə Təhlükəsizliyi arxitektoru Kristian Peters, "Microsoft" şirkətinin İdentifikasiya üzrə baş arxitektoru Kim Kemeron və digərləri müxtəlif mövzularda çıxışlar edib.
Tədbirdə panellər üzrə müxtəlif mövzular müzakirə olunur: "Bank sektorunda rəqəmsal transformasiya", "FutureTrust" layihəsi çərçivəsində gələcək pilot layihələr, "Rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri", "Məlumatların mühafizəsi və məxfilik", "Qanunvericilik sahəsində çətinliklər və həllər", "eİD və rəqəmsal sertifikatlar", "Süni intellekt səmərəli transformasiyaya necə təsir göstərir?", "2019-cu il və gələcək üçün kibertəhlükəsizlik çağırışları" və s.
Panellər üzrə müzakirələrdən sonra "dəyirmi masa"lar keçirilir.
Avropa Etibar Fondu, "FutureTrust", "Lightest", "FutureİD" kimi qlobal miqyaslı layihələrin rəhbərləri və iştirakçıları öz təcrübə və biliklərini konfransda iştirak edən qonaqlarla bölüşür.
Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi "FutureTrust" layihəsinin assosiativ tərəfdaşıdır. Həmçinin "Lightest" layihəsinin mütəxəssislərilə etibarlı tranzaksiyaların icrası ilə bağlı geniş əməkdaşlıq aparır.
Bu ilin may ayından etibarən Məlumat Hesablama Mərkəzi "Lightest" layihəsinin Məsləhət şurasında təmsil olunur. "Lightest" layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həlli təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti" üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.
MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır.
Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq.
Onu da qeyd edək ki, konfrans ənənəvi olaraq 1999-cu ildən təşkil olunur. Konfransda informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, yaranan təhdidlər və əsas problemlər barədə ekspert məsləhətləri dinlənilir, ixtisaslaşmış istehsalçılar tərəfindən son həllərin praktiki nümayişi təqdim olunur. Konfransda iştirak Avropanın təhlükəsizlik mütəxəssisləri və aparıcı sənaye təchizatçıları ilə əməkdaşlıq qurmaq imkanı və s. yaradır.