Ən geniş yayılmış kibertəhdidlər açıqlanıb
İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point Software Technologies” həllər istehsalçısı dünyada ən fəal kibertəhdidlərə həsr edilən “Global Threat Index” hesabatını açıqlayıb. Cari ilin oktyabrı üzrə statistikaya görə, kriptomaynerlər reytinqdə lider olaraq qalsalar da, məsafəli casus troyanları (Remote Access Trojan, RAT) populyarlaşmağa başlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, oktyabr ərzində “Check Point” ekspertləri tərəfindən cinayətkarlara kompüterləri və qurbanların məlumatlarını ələ keçirməyə imkan verən “FlawedAmmyy” adlı məsafəli casus troyanları yayan reklam kampaniyası aşkarlanıb. Sonuncu zərərli kampaniya son aylarda “FlawedAmmyy” troyanları yayan digər troyanlara nisbətən daha genişmiqyaslı olub.
Məlumata görə, troyan cinayətkarlara qurğunun kamera və mikrofonuna çıxış əldə etməyə, skrinşotlar etməyə, hesab məlumatlarını və məxfi faylları oğurlamağa, qurbanın hərəkətlərini izləməyə imkan verir. Nəticədə “FlawedAmmyy” troyanları “Global Threat Index” reytinqinin ilk onluğuna daxil olan ilk məsafəli casus troyanları olub.
Bildirilir ki, ən geniş yayılmış zərərli proqram təminatı oktyabrda dünya şirkətlərinin 18 faizinə hücum edən “Coinhive” kirptomayneri olaraq qalır. İkinci yeri gizli kriptovalyutaların əldə edilməsinə imkan verən və dünya təşkilatlarının 8 faizini yoluxduran “Cryptoloot” tutub.
Nizam Nuriyev