Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb


ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramını (USA Innovation Exchange Program) və proqram çərçivəsində “Trans-Xəzər İnnovasiya Forumu”nu uğurla başa vurmuş iştirakçılarla görüşüb. Görüşdə startapçılar və gənc sahibkarlar iştirak edib.
 
Görüş zamanı Vilyam Gil proqram məzunları ilə tanış olub və onların səfər barəsində fikirlərini dinləyib. Vəkil təmsil etdiyi səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi  mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib.
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli gələcəkdə ABŞ akselerator və investorları ilə gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
 
Daha sonra startaplarçılarla birgə müzakirələr aparılıb.
 
Məlumat üçün bildiririk ki, ABŞ İnnovasiya Mübadilə Proqramı  çərçivəsində 3-12 noyabr tarixlərində YTP-nin təşkilatçılığı ilə Azərbaycandan olan 15 startap nümayəndəsi Silikon Vadisinə səfər edib.
 
Səfər çərçivəsində startapçıların ABŞ-ın San Françisko, San Xose, Boston və Nyu York şəhərlərində  “Plug and Play”, “MassChallange”, “Apple”, “Nutanix”, “Cambridge Innovation Centre” (CİC), “Fullbridge”, “Venture Cafe” kimi akselerator mərkəzlərində və şirkətlərində investorlarla görüşləri keçirilib. Eyni zamanda, Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə YTP tərəfindən Boston şəhərində Trans-Xəzər İnnovasiya Forumu da təşkil edilib. Qeyd edilən tədbirlər “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində reallaşdırılıb.




















15/11/18    Çap et