Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli Konfransı başa çatıb.
BTİ-nin Səlahiyyətli Konfransı "İnkişaf üçün texnologiya" devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.
BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi üzrə səlahiyyətli qurumudur, 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də, geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir.
4 ildən bir keçirilən Səlahiyyətli Konfrans isə BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisatdır.
BTİ-nin Şurası Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və İttifaqın fəaliyyəti, siyasəti və strategiyalarının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir. Bunun üçün 4 illik müddətdə hər il toplaşaraq cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi və maliyyə və xərclərin monitorinqi təmin edilir, qəbul olunmuş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.
29 oktyabr – 16 noyabr tarixlərində keçirilmiş builki konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məktum Bin Rəşid, BTİ-nin Baş katibi Houlin Zao, İttifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib.
Azərbaycan beynəlxalq tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
BTİ-nin Baş katibi H.Zao açılış mərasimində çıxışı zamanı bildirib ki, dünyada 4 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də Səlahiyyətli Konfrans çərçivəsində BMT-nin "Davamlı İnkişaf Məqsədləri"nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində müzakirələr aparılacaq. O bildirib ki, BTİ üzv dövlətlər arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də, sahə üzrə gender balansı yaratmağı təşviq edir.
"Təhsil, səhiyyə, elektron hökumət və mobil bankçılıq sahəsində İKT-nin tətbiqi dünyada milyardlarla insana geniş imkanlar yaradır. "5G", süni intellekt, irihəcmli məlumatlar və "Əşyalar interneti" kimi yeni texnologiyalar bizim yaşamaq, işləmək və öyrənmək imkanlarımızı dəyişəcək. Bu gün bütün dünyanı birləşdirən qüvvə İKT-dir" – deyə Baş katib vurğulayıb.
BMT-nin Baş katibi Antonio Quterreş konfrans iştirakçılarına videomüraciətində bildirib ki, bəzi hallarda yeni texnologiyalardan düzgün istifadə edilməməsi nəticəsində yaranan risklərdən qorunmaq məcburiyyətində qalırıq. Bununla belə, rəqəmli texnologiyalar "Davamlı İnkişaf Məqsədləri"nə nail olmaq üçün həyata keçirilən işləri sürətləndirməkdə mühüm rol oynayır.
O qeyd edib ki, bu yaxınlarda BMT tərəfindən rəqəmli əməkdaşlığı inkişaf etdirmək üçün Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb. Bu qrup hamı üçün təhlükəsiz və faydalı rəqəmli texnologiyaları inkişaf etdirmək məqsədi daşıyır.
Konfransın ilk həftəsinin növbəti günləri BTİ-nin seçkili rəhbər vəzifələrinə – Baş katib, onun müavini və 3 Büro rəhbərinin seçkiləri ilə əlamətdar olub.
Səlahiyyətli Konfransda keçirilən seçkilərin nəticəsi olaraq bəlli olub ki, növbəti 4 il ərzində də İttifaqa Çin təmsilçisi Houlin Zao başçılıq edəcək. Yeni Baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. O, 1 yanvar 2019-cu ildən etibarən yeni müddət üzrə səlahiyyətlərinin icrasına başlayacaq.
Xatırladaq ki, bundan əvvəl də H.Zao BTİ-nin Baş katibi idi. O, informasiya-kommunikasiya texnologiyaları üzrə mühəndisdir.
H.Zao 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin Baş katibinin müavini, İttifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi fəaliyyət göstərib, o, bu təşkilatda 1986-cı ildən çalışır.
Digər vəzifələrə keçirilən seçkilərdə BTİ-nin Baş katibinin müavini vəzifəsinə Böyük Britaniya təmsilçisi Malkolm Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə Koreya təmsilçisi Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə ABŞ təmsilçisi xanım Dorin Boqdan Martin seçilib. BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsinə ikinci turda Uruqvay təmsilçisi Mario Mario Maniyeviç seçildi.
Xanım Dorin BTİ-nin 153 illik tarixində seçkili rəhbər vəzifəyə seçilən ilk qadın oldu.
Bundan sonra, 5 noyabr 2018-ci il tarixində BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə seçkilər keçirilib.
Həmin gün Dubayda keçirilən 20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazıldı.
Belə ki, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Ölkəmizin ardıcıl olaraq 2-ci dəfə Şuraya seçilməsi böyük müvəffəqiyyət oldu.
Həmçinin, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazandı və bu Komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi oldu.
Radiorabitə Komitəsinə üzv seçilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio haqqında Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir.
Komitəyə 193 üzv-dövlətdən cəmi 12-si daxildir və artıq bu sırada Azərbaycanın da adı var. Bununla da ölkəmiz BTİ-nin Şurası ilə yanaşı, İttifaqın əsas orqanlarından olan Komitəyə də üzv seçilərək ikiqat müvəffəqiyyətə imza atdı. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün yüksək uğur oldu. Ümumilikdə isə Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması, ölkədə həyata keçirilən dövlət siyasətinin uğurları belə yüksək nəticələrin əldə edilməsinin əsas səbəbi oldu.
Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin genişşaxəli çıxışı ölkəmiz haqqında iştirakçılarda müsbət təəssüratın yaradılmasında, təşviqatın aparılmasında müsbət rol oynadı.
Çıxışı zamanı Azərbaycanda İKT sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirakdan danışan nazir Azərbaycanın İKT-nin İnkişafı üzrə "Əlaqəlik 2020" Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edib. R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb.
O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya"da öz əksini tapıb.
"Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64%-də kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, "4G" texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk "TIER III" səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək" – deyə nazir bildirib.
BTİ tərəfindən dəstəklənən "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasıdır. R.Quluzadə bildirib ki, bu layihə "rəqəmli fərqliliyi" aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.
Səlahiyyətli Konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyən edəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın öz növbəsində İttifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb".
Azərbaycanın Səlahiyyətli Konfransda geniştərkibli iştirakını və seçkilərdə qazandığı qalibiyyəti yüksək qiymətləndirən Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao bildirib ki, o, Azərbaycanda İKT sahəsində həyata keçirilən işləri yaxından izləyir.
"Ölkəniz bu sahədə çoxlu sayda nailiyyətlər əldə edib və "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verib. Avrasiya regionunda, eləcə də, dünyanın digər ərazilərində də İKT-nin inkişafını dəstəkləmək üçün Azərbaycan faydalı işlər görür. Biz Azərbaycanın BTİ-nin fəaliyyətində çox fəal iştirakını yüksək qiymətləndiririk və bilirik ki, Azərbaycan BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan son illər ərzində keçirilmiş İKT tədbirlərində fəal iştirak etməklə bərabər, həm də özü bu sahədə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Sevindirici haldır ki, Azərbaycan BTİ Şurasına və ilk dəfə olaraq Radio Reqlament Komitəsinə üzv seçilib. Yuxarıda dediklərimə əlavə olaraq bildirmək istərdim ki, Azərbaycanın bu cür böyük nailiyyətlər əldə etməsində ölkə Prezidentinin böyük dəstəyini yüksək qiymətləndiririk".
Konfrans davam etdiyi günlər ərzində Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, eləcə də, ölkəmizə olan rəğbətin artırılması istiqamətində təbliğat və təşviqat işləri apardı. Hətta ölkə adından təşkil olunan qəbulda milli təamlara olan yüksək marağın şahidi olmaq da mümkün idi.
Ölkəmizin bu konfransdan yüksək nəticələrlə dönməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi Nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğun mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs toplaması ölkəmizin telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərir.