Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər bütün bədəni skaner edən ilk qurğu yaradıblar


Kaliforniya Universitetinin alimləri və Çinin "United Imaging Healthcare" texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "EXPLORER" adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, ancaq istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir.
 
Məsələn, "3D" skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. "EXPLORER" qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.
 
Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir. "EXPLORER" 24 noyabrda Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.
 

Emil Hüseynov






21/11/18    Çap et