Bakıda “Telekommunikasiya sahəsində tətbiq edilən tariflər” barədə beynəlxalq seminar keçirilir
Bu gündən Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərin iştirakı ilə "Telekommunikasiya sahəsində tətbiq olunan tariflər" mövzusunda ikigünlük seminar öz işinə başlayıb.
Avropa Komissiyasının dəstəyi ilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan seminarda nazirliyin, eləcə də "Aztelekom", "Bakı Telefon Rabitəsi", Dövlət Radiotezliklər İdarəsi, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin nümayəndələri iştirak edir.
Nazirliyin Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri Gülru Hüseynova geniş məruzə ilə çıxış edib.
G.Hüseynova bildirib ki, bir çox sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də ölkəmiz Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi TAİEX texniki yardım aləti çərçivəsində birgə bir sıra tədbirlər həyata keçirir.
"Ölkəmizdə telekommunikasiya sahəsində tətbiq edilən tariflər üzrə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, eləcə də mövcud tariflərin liberallaşdırılması istiqamətində Nazirliyin təqdim etdiyi layihə Avropa İttifaqı tərəfindən qəbul edilib. Bu seminar da həmin layihə çərçivəsində təşkil olunub".
Daha sonra G.Hüseynova informasiya-kommunikasiya sektorunda həyata keçirilən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya"da və eləcə də "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə sahənin inkişafı ilə bağlı qarşıya ambisiyalı hədəflər qoyulub.
"Bu gün ölkə əhalisinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ölkənin coğrafi yerləşmə mövqeyindən, eləcə də relyefindən asılı olaraq əksər yaşayış məntəqələrində əhaliyə poçt və telekommunikasiya xidmətlərinin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Paytaxtda və regionlarda telekommunikasiya şəbəkəsində ən son texnologiyalar tətbiq edilməkdədir. 2010-cu ildən ölkə əhalisinin 100 faizi mobil rabitə ilə təmin olunub. Eyni zamanda sektorda həyata keçirilən liberallaşma tədbirləri nəticəsində özəl sketorun payı son 15 ildə 67 faizdən 81 faizə yüksəlib. Respublikada internet xidmətlərinin daha geniş yayılması və inkişafına dəstək məqsədi ilə 2000-ci ildən internet xidmətlərinin göstərilməsi üçün lisenziyalar ləğv edilib. Bundan başqa, 2016-cı ildən respublikada analoq televiziya yayımı tam dayandırılıb və 10-12 kanaldan ibarət açıq paketlə rəqəmli televiziya yayımına keçid təmin edilib "- deyə şöbə müdiri qeyd edib.
Seminarda Avropa İttifaqı ölkələrindən (Latviya, Litva, Finlandiya, İtaliya) telekommunikasiya sahəsi üzrə ekspertləri müxtəlif mövzular üzrə məruzə ilə çıxış ediblər.
Tədbirdə Avropa İttifaqı ölkələrində tariflərin tənzimlənməsi, qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, telekommunikasiya sahəsində xərc əsaslı tariflərin müəyyən edilməsi, sabit, mobil və pərakəndə xidmətlər üzrə tariflərin formalaşdırılması, bazarda hökmran mövqe tutan (SMP) operatorların tariflərinin tənzimlənməsi və onların öhdəlikləri, yeni nəsil texnologiyalar üzrə (4G, LTE, WIMAX, GPON və s.) tariflərin müəyyən edilməsi kimi vacib mövzularda fikir və təcrübə mübadiləsi aparılıb.