Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi və Konfransına start verilib


2-4 noyabr tarixlərində “Bakı Ekspo” sərgi kompleksində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2011”) keçiriləcək.

Bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbirdir və burada ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. Sərgidə dövlət orqanlarının nümayəndələri, alimlər, Azərbaycanın və dünyanın “təmiz” texnologiyalar bazarının aparıcı iştirakçıları və şirkətlər bir araya gələcəklər.

Sərginin təşkil olunmasında əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. Sərginin təşkili Böyük Britaniyanın “ITE Group plc” şirkətinə və onun Azərbaycandakı tərəfdaşı “Iteca Caspian” şirkətinə həvalə olunub.

“CTE-2011” beynəlxalq sərgisində 13 ölkədən 76 şirkət iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələr vardır.

Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə iştirak edirlər. Sərgi layihəsinin fərqli xüsusiyyətlərindən biri də odur ki, bu sərgiyə dövlət strukturları böyük maraq göstərirlər.

Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun struktur bölmələri sərgidə fəal iştirak edirlər və qurulmuş stenddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər ərzində görülmüş işlər ətraflı təmsil olunacaqdır.

Sərgidə həmçinin “ekoloji turizm” layihəsi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ekoloji fəlakətlər və belə fəlakətlərin törətdiyi fəsadları aradan qaldırmaq üçün nəzərdə tutulmuş çevik cavab tədbirləri üzrə layihələr ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət strukturları - bütün Azərbaycan ərazisində su təchizatı sisteminin yenilənməsi üzrə layihə ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, torpağın mühafizəsi və müasir irriqasiya sistemlərinin tətbiqi üzrə layihələr ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar iştirak edirlər. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində böyük işlər görən qeyri-hökumət təşkilatları da iştirak edirlər.

Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa edilə bilən resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcəkdir.

Bundan əlavə, sərginin ekspozisiyasına yel dəyirmanları, dəniz sularının çirklənmə səviyyəsini müəyyən edən xüsusi qurğu və avadanlıqlar, tullantıların emalı üzrə zavodlar, nadir bitkilər, landşaft dizaynı üzrə orijinal təkliflər və s. daxildir. Həmçinin sərgi çərçivəsində bir sıra ekoloji layihələrin, məsələn Samur-Yalama milli parkının təqdimat mərasimi də keçiriləcək.

Sərgi çərçivəsində ziyarətçilərin diqqətinə təsərrüfat fəaliyyəti nəticəsində təbiətə vurduqları ziyanı minimuma endirməyə çalışan aparıcı şirkətlərin suyun təmizlənməsi üzrə təklifləri təqdim olunacaq.

Belə ki, sərgidə ARDNŞ, “British Petroleum” və “Saipem” şirkətləri Azərbaycanda neft-qaz yataqlarının uzun illər ərzində işlənməsi nəticəsində yaranan fəsadları aradan qaldırmaq üçün işləyib hazırladıqları bir sıra iri ekoloji layihələri təqdim edəcəklər.

Əvvəllər neft açıq üsulla hasil edilirdi və istifadə olunan texnologiyaların aşağı səviyyəsi torpaqların çirklənməsinə gətirib çıxarırdı. Hal-hazırda, təmizləyici sistemlərin quraşdırılması, sənaye ərazilərinin təmizlənməsi və yaşıllaşdırılması üçün bu şirkətlər tərəfindən böyük həcmdə vəsaitlər ayrılır.

Görülmüş işlərin nəticəsi kimi, əvvəllər karbohidrogen ehtiyatlarının hasil edildiyi Bakı şəhər Xəzər rayonu ərazisində ARDNŞ tərəfindən yaradılmış ekoloji parkın təqdimat mərasimi keçiriləcək.

3 noyabr tarixində “Bakı Ekspo” mərkəzində “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həmçinin, “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda Konfrans keçiriləcəkdir.

Konfransda ölkənin aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatlar, tədris və elm müəssisələri, QHT-lər və digər xarici qonaqlar iştirak edəcəklər. Konfransın tematikasına və mövzularına uyğun müvafiq məruzələrlə çıxış ediləcək və mövzu ətrafında müzakirələr aparılacaqdır.

Ölkə rəhbərliyi tərəfindən ekologiya ilə bağlı məsələlərə göstərilən daimi diqqət, habelə 2010-cu ilin ölkədə “Ekologiya İli” elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə güclü təkan verməklə yanaşı, “CTE” sərgisinin keçirilməsini də şərtləndirmiş oldu.

Hazırda Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual sayılan bütün beynəlxalq konvensiyalara üzvdür və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində xüsusi İctimai ekoloji şura yaradılmışdır.

Beləliklə, “CTE-2011” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, qeyri-hökumət və hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaqdır.




02/11/11    Çap et