“Microsoft” korporasiyası “Edge” brauzerindən imtina edəcək
2018-ci il dekabrın əvvəlində məlum olub ki, “Microsoft” korporasiyası “Edge” brauzerinin inkişafından imtina edərək öz diqqətini “Google Chrome”, “Vivaldi”, “Opera”, "Yandeks. Brauzer" və başqa brauzerlərin əsasını təşkil edən “Chromium” layihəsi əsasında hazırlanacaq yeni proqrama yönəldib.
“Windows Central” nəşri öz mənbələrinə istinadən yazır ki, “Anaheim” kod adına malik yeni brauzer “Edge” adını saxlaya bilər və görünüşcə 2015-ci ildə “Internet Explorer”in əvəzinə təqdim edilmiş “Windows” sisteminə inteqrasiya edilmiş brauzerə oxşaya bilər. “Chromium” layihəsindən istifadə onu bildirir ki, saytlar “Microsoft”un yeni brauzerində “Google Chrome”da olduğu kimi görsənəcək və dəqiq işləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, gözləntilərə görə, “Chromium”dan istifadə “Microsoft”un yeni brauzerini bir sıra aşkar üstünlüklərlə təmin edəcək, həmçinin funksionallığını genişləndirəcək, sabitliyi artıracaq və sistem resurslarından istifadəsini azaldacaq.
“Edge” brauzerindən imtina bu brauzerə tələbatın az olması fonunda məntiqli görsənir. 2018-ci ilin noyabrında sözügedən brauzerin fərdi kompüterlər üçün brauzerlər arasında payı yalnız 4,2% təşkil edib.
Emil Hüseynov