Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinovun 24-cü Azərbaycan beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar – “Bakutel-2018” sərgi və konfransı iştirakçılarına təbriki


(4-7 dekabr 2018-ci il, Bakı ş., Azərbaycan Respublikası)
 
Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!
 
İcazə verin, 24-cü Azərbaycan beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar – “Bakutel-2018” sərgi və konfransının bütün iştirakçılarını salamlayım.
 
Regional Rabitə Birliyinin beynəlxalq “Bakutel” sərgi və konfransında dövlət idarələri, tənzimləyici strukturlar, elmi dairələr və beynəlxalq təşkilatların, eləcə də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrlə yanaşı, digər ölkələri də təmsil edən iri şirkətlərin çoxsaylı nümayəndələrini cəlb etməklə illik iştirakı ənənəvi hal alıb.

Regional Rabitə Birliyinin daimi iştirakçısı olduğu bu tədbir informasiya-kommunikasiya sahəsində, o cümlədən telekommunikasiya şəbəkələri, genişzolaqlı rabitə texnologiyaları, peyk rabitəsi, radio və televiziya yayımı, informasiya texnologiyaları, təhlükəsizlik sistemləri, elektron hökumət, elektron biznes və digər sahələrin inkişafının ən aktual və vacib aspektlərinin nümayişi və müzakirəsi üçün platforma rolunu oynayır.
 
Bununla yanaşı, belə beynəlxalq tədbirin illik əsasda keçirilməsi təcrübə mübadiləsinə, yeni əlaqələrin qurulmasına və rəqəmli iqtisadiyyat quruculuğunda və rabitə və informatizasiya sahəsində qarşıya qoyulan vəzifələrin həlli üçün konseptual yanaşmaların işlənib hazırlanmasına xidmət edir.
 
Bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və bütün sahələrdə tətbiq edilməsi bizim regionun rəqəmli iqtisadiyyatının inkişafında, RRB ölkələrinin rəqabət qabiliyyətinin artırılmasında əsas rol oynayır, Dayanıqlı İnkişaf Məqsədlərinə və effektiv dövlət idarəçiliyinə nail olmağa xidmət edir, dövlət, vətəndaşlar və biznes arasında əməkdaşlığın genişləndirilməsini təşviq edir.
Bu baxımdan illik beynəlxalq “Bakutel” sərgisi iştirakçılara Azərbaycan Respublikasında İKT sektorunun uğurlu və mütərəqqi inkişafını bariz şəkildə nümayiş etdirir.
 
Genişzolaqlı internet vasitəsilə müasir vasitələrə çıxışın təmini, rəqəmli televiziyaya keçid və dördüncü nəsil mobil rabitə şəbəkəsinin tətbiqi Azərbaycan Respublikasına qlobal informasiya infrastrukturunda qabaqcıl yerləri tutmağa imkan verir.
 
Azərbaycan Respublikası rabitə administrasiyasının beynəlxalq arenada fəal iştirakı Regional Rabitə Birliyinin böyük beynəlxalq forumlarda – Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı, Ümumdünya Radiorabitə Konfransı, Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı, Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyası,  Ümumdünya Poçt İttifaqının Konqresində göstərdiyi birgə təşəbbüsləri dəstəkləyir.
 
Bundan başqa, Azərbaycan Respublikasının rabitə administrasiyası cəmiyyətin müasir qlobal problemlərinin bütün spektrini əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə tədbirləri fəal şəkildə həyata keçirir.
 
Əminəm ki, Azərbaycan Respublikasının rabitəçilərinin peşəkarlığı qloballaşan dünyada insanların rifah halının yaxşılaşdırılmasına, regional təsir rolunun möhkəmlənməsinə və eləcə də dövrümüzdə telekommunikasiya bazarının inkişafına xidmət edəcək.  
 
“Bakutel” sərgisi öz mövqeyini ildən-ilə möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasının telekommunikasiya bazarında aparıcı tədbirə və bu bazarın ayrılmaz tərkib hissəsinə çevrilir.
 
Həmçinin bir daha əminliklə qeyd etmək istəyirəm ki, hazırkı təcrübə mübadiləsi İKT-nin inkişafı üzrə təkcə Azərbaycan Respublikasında deyil, ümumilikdə RRB-də informasiya cəmiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək həllər və təkliflər tapmağa imkan verəcək.
 
Bir çox ölkələrdən ekspertlərin, peşəkarların diqqətini cəlb edən “Bakutel” sərgisi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün mühüm və aktual platformadır, eləcə də təcrübə mübadiləsinə, müxtəlif səviyyələrdə danışıqların aparılmasına və s. imkan verir.
 
Azərbaycan beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar – “Bakutel-2018” sərgi və konfransının bütün iştirakçılarına konstruktiv dialoq, eləcə də uğurlu və səmərəli iş arzu edirəm!





05/12/18    Çap et