Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə "Nobel qardaşları cəmiyyəti" tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi yaradılmışdır.
Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdır. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.
Ölkəmizdə İKT infrastrukturun yaranması
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyinin ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından əlamətdar oldu. Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.
Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli iş görülür. Onların sırasında kosmik sənayənin inkişaf etdirilməsi, növbəti telekommunikasiya peyklərinin orbitə göndərilməsi, tarixi İpək Yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən "Trans-Avrasiya Super İnformasiya Magistralı"ı (TASİM) layihələrinin adını çəkmək olar.
Yeni texnologiyalar dövrü
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli "Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" müvafiq Fərmanı bu sahədə effektiv idarəetmənin və dövlət siyasətinin həyata keçirilməsinə böyük imkan yaratdı.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da və "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyən edilib. Bu istiqamətdə cari ilin 9 ayı ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bir çox işlər görülüb və layihələr həyata keçirilib.
Regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Bakı şəhərində bir xətt üzərindən üç xidmət – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir.
Görülən işlərin nəticəsi olaraq ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında "İctimai Wi-Fi" istifadəyə verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.
Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.
İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzinin yaradılmasını zəruri edib. Sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub. Mövcud Data Mərkəzindəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb.
Ölkəmizdə "Açıq Hökumət Məlumatları"nın geniş tətbiqinə başlanılıb və Açıq Hökumət Məlumatları Portalı yaradılıb. Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb.
Cari ildə Türkiyə Respublikası ilə elektron imzaların qarşılıqlı tatınması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Yenilənən xidmət modeli və innovasiyalara dəstək
Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə "Şəbəkə" xidmət mərkəzləri yaradılır. "Bakıda və regionlarda onların sayı 9-a çatdırılıb. Yeri gəlmişkən qeyd edim ki, bu gün Bakı Beynəlxalaq Avtovağzalı ərazisində 9-cu "Şəbəkə" istifadəyə verilir. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək.
Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün vahid Çağrı Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları
Azərbaycana gətirilir və "Azərpoçt" tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları "Silk Way" və "Azal" aviaşirkətləri vasitəsilə həyata keçirilir.
Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün yeni alternativ "Gənclik" teleqülləsi istifadəyə verilib.
Əsas istiqamətlərdən biri İKT sahəsinə marağı artırmaq və gənclərin innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb və sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir. Bundan başqa, Nazirliyin Yüksək Texnologiyalar Parkı tərəfindən Yüksək Texnologiyalar Parkında yaradılmış Biznes İnkubasiya Mərkəzinə bu ilin əvvəlindən 25 startap qəbul edilib.
Cari ildən yerli startap və innovativ layihə müəlliflərinə səfər qrantlarının verilməsinə başlanılıb. Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap və innovativ layihələrin müəlliflərinə xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərdə iştirak etmək, həmçinin xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin edilməsi məqsədilə verilir.
"Yüksək Texnologiyalar Parkı"nın "Mars Academy" şirkəti ilə əməkdaşlığı çərçivəsində məktəblilər üçün "Robitiks" kursları təşkil edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. Eyni zamanda, ölkə başçısının müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasına başlanılıb.
2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu da cari il ərzində yaradılıb.
Beynəlxalq reytinqlərə əsaslanan yüksək göstəricilərimiz
2018-ci il üzrə beynəlxalq reytinqlərdəki göstəricilərdə sahə üzrə irəliləyişlər xüsusi diqqət çəkir.
Belə ki, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nın "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi"ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir.
Ölkəmiz sözügedən hesabatın "Əlverişli mühit" bölməsinin "İnstitutlar" göstəricisi üzrə 58-ci, "İnfrastruktur" göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdə qərarlaşıb.
Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. "İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir.
Bununla yanaşı, Azərbaycan hesabatın "İnnovativ Ekosistem" bölməsinin "Biznesin dinamikliyi" göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə, "İnnovasiya potensialı" göstəricisi üzrə isə 71-ci yerdədir.
Azərbaycanda ilk dəfə olaraq bu il beynəlxalq "İnnovasiyalar həftəsi" keçirilib
26-30 oktyabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlar təşkil olunub, dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" Bakıya gətirilib.
"İnnovasiyalar həftəsi"nin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan ilk əsas tədbirində "Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi" təqdim olunub.
Ölkəmizdə ilk dəfə olaraq "Əşyalar İnterneti" laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum nazirliyin tabeliyindəki "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC ilə "Microsoft Azərbaycan" arasında baş tutub.
Bu həftə çərçivəsində "İdeyadan Biznesə" startap turlarının respublika üzrə qalibləri də seçilib.
Qeyd edək ki, "İdeyadan Biznesə" zamanı 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.
Sonda 3 layihə turunun respublika üzrə qalibləri olub.
Milli finalda qalib gələn layihə sahibləri 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.
Yeri gəlmişkən qeyd edək ki, bu il peşə bayramı həm də "Bakutel-2018" sərgi-konransının keçirildiyi günlərə təsadüf edir.
Sərgi-konfrans bu gün də işini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018"də iştirakı sərginin nüfuzunu artırır.
Builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir, 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron imza" infrastrukturu, "Data Mərkəzi"n "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunur.
Sərgidə İKT sahəsində bir çox yerli layihələrlə yanaşı, Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq layihələr də öz əksini tapır.
Ənənəvi "Bakutel" sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.
İKT sektorunda görülən işlərin fonunda ölkəmizin artan nüfuzunun göstəricisidir ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) həm Şurasında və həm də Komitəsində təmsil olunan azsaylı ölkələrdəndir. Bu il İttifaqın 4 ildən bir keçirilən Səlahiyyətli Konfransında Azərbaycan 119 səslə BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Ölkəmiz ardıcıl olaraq 2-ci dəfədir ki, Şuraya üzv seçilir. Bundan başqa, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi ilk dəfə seçkilərdə qalib gəlib. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün böyük uğurdur.
Həyata keçirilən işlər və ölkəmizin beynəlxalq hesabatlarda yüksələn reytinqi onu deməyə əsas verir ki, Azərbaycanın ən yaxın zamanda beynəlxalq əhəmiyyətli regional İT mərkəzə çevrilə bilməsi üçün ölkə rəhbərliyi tərəfindən münbit şərait yaradılır.
Onu da qeyd etmək lazımdır ki, bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar. Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Fürsətdən istifadə edərək rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Onu da qeyd etmək lazımdır ki, bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar. Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Fürsətdən istifadə edərək rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edirik!