Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “4G” şəbəkəsini dəstəkləyən 7 dollarlıq telefon təqdim edib


“Google Indonesia” şirkəti “WizPhone WP006” adlı “4G” telefonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əksər “4G” qurğularından fərqli olaraq “Wizphone WP006” telefonunun qiyməti 7 dollar təşkil edir. “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Google Assistant” köməkçi funksiyasının işə salınması üçün xüsusi düymə ilə təchiz edilib. Onun vasitəsilə qurğuya, məsələn, zəng edilməsi, bildiriş göndərilməsi, musiqinin səsləndirilməsi və videonun göstərilməsi üçün müxtəlif səsli komandalar vermək mümkündür. Bundan başqa, yeni qurğu “KaiOS” sistemi üçün “Facebook” və “WhatsApp” mobil əlavələrinin quraşdırılmasını dəstəkləyir.

Məlumata görə, telefonun əsasını 512 meqabayt tutumlu operativ yaddaşı dəstəkləyən “Qualcomm 205 Mobile Platform” prosessoru təşkil edir. Quraşdırılmış yaddaş tutumu isə 4 giqabayta bərabər olmaqla “microSD” yaddaş kartının köməyi ilə genişləndirmə imkanına malikdir. “Wizphone WP006” telefonunun fotoçəkmə imkanlarını 2 meqapikselli əsas kamera və “VGA” təsvir ölçülü ön kamera təşkil edir. Akkumulyator tutumu 1800 milliamper/saata bərabərdir. Bu, 350 saatlıq avtonom iş üçün kifayət edir.
Yeni qurğunun regionlar üzrə satışa çıxarılma müddəti sonradan açıqlanacaq.

Nizam Nuriyev






07/12/18    Çap et