Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzInTelecom” "Bakutel" sərgisində nə təqdim edib?


24-cü "Bakutel" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC ayrıca stendlə təmsil olunub.  "AzInTelecom" üçün 2019-cu ilin "SaaS ili" (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsulların əyani şəkildə nümayişi və test olunması həyata keçirilib, eyni zamanda ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
 
Həmçinin "AzInTelecom" "Microsoft" ilə əməkdaşlığı çərçivəsində Data Mərkəzi üzərindən təqdim edilən "Microsoft" məhsulları barədə də məlumatlar  verib. Bu məhsullar vasitəsilə müştərilər Data Mərkəzində virtual mühitdən istifadə zamanı lisenziyalaşdırılmış "Microsoft Windows Server" əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün "SQL Server" və poçtun idarə edilməsi üçün "Exchange Server" proqram təminatlarından faydalana bilərlər.

Bundan əlavə, "AzInTelecom" tərəfindən Data Mərkəzi vasitəsilə təqdim olunan məhsullardan istifadəni maksimum rahat etmək üçün vahid pəncərə modelinə uyğun olaraq gələn ilin ortalarında istifadəyə veriləcək özünəxidmət platforması barədə iştirakçılara ətraflı məlumat verilib. Bu platforma kiçik və orta biznes sahibkarları üçün biznes proseslərinin rəqəmsallaşdırılmasında müsbət rol oynayacaq. Sərgi zamanı "AzInTelecom", həmçinin, son istifadə nöqtələrinin və serverlərin qorunması üzrə kompleks təhlükəsizlik həlləri xidmətlərini də təqdim edib.

Növbəti ildə təqdim olunması planlaşdırılan xidmətlərdən  müasir tələblərə cavab verən virtual İP telefoniya üzrə xidmətlər ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Data Mərkəzi vasitəsilə göstərilən xidmətlərin etibarlığını artırmaq üçün, Rezervlənmə xidmətinin davamı olaraq Əsas Data Mərkəzində saxlanılan məlumatların və beynəlxalq səs trafikinin coğrafi rezervlənməsi məqsədilə növbəti ilin 2-ci rübündə istifadəyə veriləcək Ehtiyat Data Mərkəzinin Yevlaxda inşası davam etdirilir. Yevlaxda yerləşəcək Ehtiyat Data Mərkəzində Azərbaycan bazarı üçün Qəza sonrası bərpa xidmətlərinin təmin edilməsi də nəzərdə tutulur.









07/12/18    Çap et