Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Korporativ mobil imza, “AzDoc” sənəd dövriyyəsi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi, bu il də "Bakutel-2018" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz yeniliklərini təqdim edir.

Ölkədə texnologiya sahəsində ən vacib istiqamətlərdə layihələr həyata keçirən Məlumat Hesablama Mərkəzi elektron transformasiyalar məkanı olaraq tanınır.

MHM-in pavilyonunda "Mobil Cihazların Qeydiyyatı Sistemi", "AzDoc" sənəd dövriyyəsi proqramı", "Korporativ mobil imza", "SSL təhlükəsizlik sertifikatı", "Elektron imzaların ölkələrarası qarşılıqlı tanınması" sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunur.

Həmçinin, sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumlar imzalanacağı planlaşdırılır.
Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinanın iştirakçısına çevriləcək və iştirakçılar MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
 
Mobil Cihazların Qeydiyyatı Sistemi

Ölkədə mobil cihazlar sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə İMEİ kodların qeydiyyatı prosesi davamlı olaraq aparılır.

İMEİ kodların qeydiyyat sisteminin yeni modulu, yeni rüsumların tətbiq edilməsi üçün şərait yaratdı. Bu sistem bazarın sağlamlaşdırılmasına, rəqabət mühitinin formalaşdırılmasına imkan yaradır. Bununla yanaşı, gömrük yığımlarına və vergiyə cəlb olunan sahibkarlıq subyektlərinin sayının artmasına texniki dəstək verir.
 
"AzDoc" sənəd dövriyyəsi proqramı

"AzDoc" proqramı, müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir, Azərbaycan məhsuludur. Bu proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə bütün dövlət təşkilatları bu proqramla işləyə bilər. Bu proqram "Elektron imza və Elektron sənəd haqqında" qanuna və kargüzarlıq təlimatlarına tam uyğundur. Artıq bu proqramda sənədləri elektron imza ilə imzalamaq mümkündür. Proqramın üstünlükləri çoxdur. Misal üçün, xərclərə qənaət, sənədlərin elektron arxivləşdirilməsi, qurumlar arasında sənəd mübadiləsinin vaxt itirmədən həyata keçirilməsi, faydalı iş əmsalının artırılması, təhlükəsizlik və s.

Proqramın daha bir üstünlüyü "Samsung" şirkəti ilə əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində "AzDoc" məhsulu üçün xüsusi platforma hazırlanır. Bu platforma üzərindən istifadəçi istənilən yerdə sənədləri oxuya və imzalaya bilər. Eyni zamanda bu platforma sistemi nəzarətdə saxlamaq imkanı yaradır və təhlükəsizliyi tam təmin edir. İstənilən tətbiqlərin məsafədən, aktiv və deaktiv edilməsi mümkündür. Misal üçün, yaddaş kartlarına sənədlərin köçürülməsi, blutuz vasitəsilə sənədlərin digər qurğulara ötürülməsi kimi funksiyalara qadağa qoymaq imkanı verir. Bütün bunlar bizə "AzDoc" məhsulunu "Samsung" şirkəti ilə birlikdə həm Azərbaycan, həm də xarici bazarlara çıxarmaq üçün yeni imkanlar yaradır.
 
Korporativ mobil imza

Elektron imza sahəsində, digər ölkələrdə tətbiq olunan yeniliklərdən çıxış edərək, MHM "Kapital bank"la birlikdə Azərbaycanda ilk dəfə bulud texnologiyalarına əsaslanan mobil imza layihəsini həyata keçirməyə başlayıb. Bu layihənin həyata keçirilməsi müştərilərə bank və digər sahələrə aid sənədləri məsafədən, mobil elektron imza vasitəsilə imzalamağa imkan verəcək.
 
"SSl" təhlükəsizlik sertifikatı

2019-cu ildə Məlumat Hesablama Mərkəzi istifadəçi ilə veb səhifənin serveri arasında şifrli məlumat mübadiləsini həyata keçirmək üçün  Azərbaycanda lazım olan ilk təhlükəsizlik sertifikatını verməyi planlaşdırır. Bu günə qədər həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edir. Bu təhlükəsizlik sertifikatları xaricdən asılılığı aradan qaldıracaq. Eyni zamanda bu sertifikatların xarici bazarlarda satışı da mümkün olacaq.
 
Elektron imzanın ölkələrarası qarşılıqlı tanınması

Ötən ilin aprel ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında memorandum imzalanıb. Bu sənədə əsasən, artıq iki dövlət arasında elektron imzanın qarşılıqlı tanınması istiqamətində texniki müzakirələr aparılır. Elektron imzanın qarşılıqlı tanınması dövlətlər arasında bütün sahələrdə yeni imkanlar yaradacaq. Misal üçün, Azərbaycan və Türkiyə arasında elektron imzanın qarşılıqlı tanınması gömrük sahəsində bütün sənədlərin elektron imzalanıb göndərilməsinə imkan verəcək. Bununla da keçid məntəqələrində növbələr azalacaq, sənədlərin saxtalaşdırılması riski aradan qaldırılacaq, vətəndaş-məmur təması isə minimuma enəcək. Avropa ölkələri ilə də elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Bunun üçün "Elektron imza haqqında" yeni qanun layihəsi hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Bu qanunun qəbulundan sonra Avropa Birliyi ölkələri ilə elektron imzaların qarşılıqlı tanınmasına imkan yaranacaq. Bu isə, Azərbaycanın elektron ticarət qovşağına çevrilməsi baxımından mühümdür.
 
Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza

Məlumdur ki, bu ilin sentyabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıb. Yeni nəsil şəxsiyyət vəsiqəsi alan hər bir vətəndaş, artıq elektron imza sertifikatının sahibidir. Şəxsiyyət vəsiqəsində olan bu sertifikat vətəndaşlara vaxtlarına və xərclərinə qənaət etməyə, təhlükəsiz imza imkanı, elektron mühitdə tanınma, vətəndaş-məmur təmasının minimuma enməsi, məsafədən imzalama, vətəndaş məmnunluğu kimi üstünlüklər qazandırır. Bu isə ölkəmizdə elektron dövlətin inkişafına böyük təkan verəcək. Vətəndaşlar sığorta xidmətlərində, internet bankçılıqda, ümumilikdə bütün dövlət xidmətlərindən elektron şəkildə istifadə etməklə yanaşı, e-sifariş vermək, e-müqavilələr bağlamaq, e-ödənişlər etmək kimi imkanlar əldə edəcək. Elektron imzanın kütləviləşməsi çox sayda fiziki xidmətlərin elektronlaşmasına şərait yaradacaq.














07/12/18    Çap et