BMT kibertəhlükəsizlik üzrə işçi qrupu yaradacaq
BMT Baş Assambleyası kibercinayətkarlığa qarşı mübarizə üzrə işçi qrupunun yaradılması ilə bağlı Rusiya tərəfindən irəli sürülən qətnaməni qəbul edib. Sənədin lehinə 119, əleyhinə 46 ölkə səs verib, 14-ü isə bitərəf qalıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Computerworld" resursuna istinadən yazır ki, qətnaməyə görə, 2019-cu ildən etibarən dövlətlərin internetdə məsuliyyətli davranışının norma, qayda və prinsiplərinin hazırlanmasının gələcəkdə prioritet kimi davam etdirilməsi məqsədilə konsensus əsasında fəaliyyət göstərən açıq tərkibli işçi qrupu yaradılır.
Məlumata görə, işçi qrupu ilk növbədə dövlətlərin məsuliyyətli davranışının normaları, beynəlxalq hüququn informasiya məkanında tətbiqi və inkişaf etməkdə olan ölkələrə kibertəhlükəsizliyin təmin edilməsində köməyin göstərilməsi ilə məşğul olacaq.
İşçi qrupunun ilk təşkilati iclasının 2019-cu ilin iyununda keçirilməsi planlaşdırılır.
Nizam Nuriyev