Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq
Marsa uçuş kosmik radiasiyanın təsiri nəticəsində kosmonavtların ömrünü təxminən 2,5 il azalda bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “
Belta” resursuna istinadən yazır ki, Marsa ekspedisiya riskləri kosmik biologiyalar və tibb üzrə Moskvada keçirilən XVII konfransın iştirakçıları tərəfindən qiymətləndirilib. Mütəxəssislərin hesablamalarına görə, Yerdən Marsa uçuş müddəti 2 il təşkil edəcək. Kosmonavtlar üçün planetlərarası səyahət və 4 ilkin orbital uçuşdan sonra radiasiya riskinin ümumi həcmi təqribən 12 faizə çatacaq. Rusiyada kosmonavtın karyerası ərzində mümkün radiasiya riski üçün müəyyən edilən hədd 10 faizə bərabərdir.
Hazırda Marsa yalnız pilotsuz missiyalar uçur. Noyabrda “Mars InSight” aparatı Qırmızı planetə çatıb. Zondun əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. Aparatın əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeyd edilməsi üçün nəzərdə tutulan “SEIS” seysmometri, eləcə də “HP3” elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda “IDA” robotlaşdırılmış əl yerləşdirəcək.
Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.
Nizam Nuriyev