“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib
Bu gün blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri mövzusunda “Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib.
Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək bildirib ki, bu gün Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiqinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir.
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkə iqtisadiyyatının innovativ inkişafı üçün ciddi addımlar atılır. Texnoparklar, biznes inkubatorlar yaradılır, startap hərəkatı ildən-ilə genişlənir. Bu prosesdə yüksək texnologiyalar, o cümlədən informasiya texnologiyaları sahəsi mühüm rol oynayır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə yaradılır. Müasir dövrdə İKT müxtəlif istiqamətlərdə inkişaf edir. Bu istiqamətlərə blokçeyn, bulud texnologiyaları, süni intellekt, böyük məlumatlar bazası və digərləri daxildir” – deyə nazir vurğulayıb.
Nazir bildirib ki, son zamanlar blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır.
“Dünyanın bir neçə ölkəsində artıq banklararası əməliyyatların blokçeyn üzərindən aparılması istiqamətində pilot layihələr həyata keçirilir. Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri deyil, sistem reyestrləri, İT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur. Hesab edirik ki, bu sahə ölkəmizdə də geniş şəkildə araşdırılmalıdır”.
R. Quluzadə, həmçinin qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi blokçeyn texnologiyaları, onların tətbiqi və inkişaf etdirilməsi ilə bağlı digər qurumlarla yaxından əməkdaşlıq etməyə hazırdır.
Tədbirdə “AzInTelecom”un, Yüksək Texnologiyalar Parkının, Mərkəzi Bankın, Əmlak Məsələləri Dövlət Komitəsinin, dünyaca məşhur “Lenovo” və “Nutanix” şirkətlərinin rəhbər şəxsləri və nümayəndələri çıxış ediblər.
Çıxışçılar hazırda maliyyə sektorunda ən çox müzakirə olunan mövzulardan biri olan blokçeyn texnologiyasının 2009-cu ildə ilk kriptovalyuta olan bitkoinlə populyarlaşmağa başladığını bildirib.
Qeyd edilib ki, dünyanın bir çox nüfuzlu bankları və maliyyə təşkilatları blokçeyn texnologiyasını tətbiq etməklə artıq 2018-ci ildə rəqəmsal pullarla işləməyin mümkün olacağını bəyan ediblər.
Daha sonra blokçeynin tətbiqi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.