Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Sağlamlıq-2018” Respublika Spartakiadasına start verilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlamlıq – 2018” Respublika Spartakiadasına start verilib.

 

Yarışların əsas məqsədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, eləcə də nazirliyin tabeli qurumlarında çalışan işçilərin sağlamlığının qorunması və onların fiziki cəhətdən möhkəmləndirilməsinin təmin edilməsi, habelə ayrı-ayrı idman növləri üzrə yığma komanda heyətlərinin müəyyən edilməsidir.

 

Artıq 23-cü dəfə keçirilən spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının komandaları yarışacaqlar.          

 

Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

 

Spartakiadanı açıq elan edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində, digər sahələrdə əldə edilən uğurlarla yanaşı, Azərbaycan həm də idman ölkəsinə çevrilib.          

 

“Respublikamızda idmanın geniş vüsət almasına dəstək məqsədi ilə ənənəvi olaraq rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı çərçivəsində “Sağlamlıq” Respublika Spartakiadası keçirilir. Azərbaycanda 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının, “Formula-1” yarışlarının uğurla keçirilməsi əlamətdar hadisədir. 2019-cu ildə  UEFA Avropa Liqasının final oyununun  və Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan 2020-ci il  futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən böyük işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir”.  

 

E.Vəlizadə bildirib ki,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarda bir sıra idman növləri üzrə idmançılar həmişə müxtəlif turnirlərdə yüksək nəticələr əldə edirlər.

 

“Cari ilin sentyabr ayında Bakıda keçirilmiş beynəlxalq səviyyəli ekstremal idman turniri olan “Mübarizlər” yarışının komanda hesabında qalibi məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası olub” – deyə nazir müavini vurğulayıb.

 

Digər çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulayıblar.

 

Açılış mərasimi bədii hissə ilə davam edib.






























21/12/18    Çap et