Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Dekabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilmişdir.
İclasın gündəliyinə iki məsələ daxil edilmişdir: “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat.”
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətinin təməl dayaqlarının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik siyasət sayəsində daha da möhkəmləndirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov, ötən müddət ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd etdi. Baş nazir ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə əsaslanaraq, dayanıqlı inkişafın təmin olunması məqsədilə adekvat addımların atıldığını, kompleks islahatların həyata keçirilməsi ilə makroiqtisadi sabitliyə nail olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını, sahibkarlığın inkişaf etdiyini, qeyri-neft ixracının artdığını xatırlatdı. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional siyasətin, sistemli tədbirlərin qlobal risklərin neytrallaşdırılmasına imkan yaratdığını bildirdi.
Qarşıdan gələn Yeni ildə də ölkəmizdə sosial proqramların icrasının uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Baş nazir müasir çağırışlara cavab verən layihələr üzərində işlərin daha da intensivləşdirilməsinin, xüsusən müzakirəyə çıxarılan kibertəhlükəsizlik strategiyasinın beynəlxalq standartalara uyğun hazırlanmasının vacibliyini vurğuladı. O qeyd etdi ki, müasir dünya üçün aktual olan kibercinayətkarlığın artması, BMT-nin hesabatına əsasən hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olması faktı dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini zəruri edir.
Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin və Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun məruzələri dinlənildi.
Hər iki məsələ ətrafında müzakirələrdə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və başqaları çıxış etdilər.
Geniş fikir mübadiləsindən sonra qərara alındı ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.
İkinci məsələ üzrə qərara alındı ki, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamının layihəsi hazırlansın.
Yekunda Baş nazir Novruz Məmmədov tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verdi, qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırdı.