Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“8K” təsvir ölçülü yeni “Sony” televizorları nümayiş olunub


Yaponiyanın “Sony” şirkəti “CES2019” sərgisində ictimaiyyətə yeni “Master Series” televizorlarını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “iReactor” resursuna istinadən yazır ki, “Z9G” seriyasına aid 85 və 95 düym diaqonallı modellər “8K” təsvir ölçüsünə (7680 × 4320 piksel) malikdirlər ki, bu da “Full HD” (1920 × 1080 piksel) formatını 16 dəfə üstələyir. Televizorlar funksiyası kontentin keyfiyyətini artırmaqdan ibarət olan “8K X-Reality PRO” texnologiyalı “X1 Ultimate” prosessoru ilə təchiz edilib. Qurğular müstəqil idarəetməyə malik yüksək sıxlıqlı “LED” modullara əsaslanır. İstehsalçı nümayəndələrinin fikrincə, bu fakt kontrastlıq, parlaqlıq və kölgələrin əks etdirilməsi kimi vacib parametrləri yaxşılaşdırır.

Qeyd olunan qurğularla yanaşı, təqdimat zamanı 77, 65 və 55 düym diaqonallı “4K” təsvir ölçülü klassik televizorlar təqdim edilib. “AG9” istehsal xəttinə aid modellər ultranazik korpusla təchiz olunub. Bu qurğular da eyni prosessorla (X1 Ultimate) təchiz edilməklə texniki baxımdan yalnız üzvi işıq diodlardan (OLED) istifadə ilə seçilir. Bütün televizorların proqram təminatı “Google Play” əlavəsini dəstəkləyən “Sony Android TV” olmaqla eynidir.

Yeni televizor modellərinin qiyməti barədə məlumat verilmir.  

Nizam Nuriyev






09/01/19    Çap et