Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar üçün portativ monitor təqdim edilib
“Lapscreen” startapı Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisində mobil qurğular üçün eyniadlı monitor təqdim edib. “USB Type-C” vasitəsilə qoşulan monitor istənilən yerdə böyük ekranda işləməyə imkan verir. Yeni qurğunun əsas xüsusiyyətləri kimi kompaktlıq və mobillilik qeyd edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Lapscreen” monitoru “Full HD” təsvir ölçülü 12,5 düym diaqonallı “IPS” ekranla təchiz edilib. Çəkisi 400 qrama bərabər monitorun ümumi ölçüləri 282 х 210 mm təşkil edir ki, bu da А4 formatlı kağız vərəqi ilə müqayisə edilə bilər. Displey ətrafında qalınlıq 4 mm, çıxışlar və elektronikanın quraşdırıldığı aşağı hissədə isə 8 mm təşkil edir. Portlar üçün 1 “USB Type-C” və tamölçülü “HDMI” nəzərdə tutulub.
Məlumata görə, monitoru smartfon, planşet, noutbuk və digər qurğularla istifadə etmək olar. Təsvir həm “USB Type-C”, həm də “HDMI” vasitəsilə daxil edilir, lakin ikinci halda “USB Type-C” vasitəsilə cərəyana qoşulmaq tələb olunur. “Lapscreen” ideyası ondan ibarətdir ki, çanta və ya qovluqda daşınan portativ monitor həmişə əl altında olsun. Portativ qurğunu smartfona qoşmaqla böyük ekranda oyunlar oynamaq, videoya baxmaq və ya işləmək mümkündür. Displey altlıqla təchiz edilməyib, lakin istehsalçı nümayəndələrinin sözlərinə görə, bu çatışmazlıq gələcək versiyalarda aradan qaldırılacaq.
“Lapscreen” monitorunun baza modelinin qiyməti 200 dollar, sensor ekrana malik versiyasının isə 265 dollar təşkil edir.