“Facebook” xəbər jurnalistikasının inkişafına 300 milyon dollar investisiya yatıracaq
Eyniadlı sosial şəbəkə sahibi “Facebook” şirkəti xəbər jurnalistikasının inkişafına yönələn layihələrə 300 milyon dollar investisiya qoyacaq. Bu barədə sosial şəbəkənin bloqunda yerləşdirilən məlumatda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
TASS” resursuna istinadən yazır ki, “Biz “Facebook”da həqiqətə uyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərlə mübarizəni davam etdirəcəyik”, – şirkətin vitse-prezidenti Kempbell Braun qeyd edib.
Onun sözlərinə görə, “Facebook” yerli xəbər təşkilatlarına böyümək və çiçəklənmək üçün kömək etmək imkanına malik olmasını da unutmur və bu məqsədlər üçün yaxın üç il ərzində qeyd olunan məbləği ayıracaq.
K.Braun vurğulayıb ki, sosial şəbəkə, həmçinin jurnalist və xəbər təşkilatlarının imkanlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, bu ilin əvvəlində “Facebook” ABŞ KİV nümayəndələrinin, sahibkar və sponsorların iştirakı ilə mətbuat konfransı təşkil edərək müasir jurnalistika qarşısında duran çağırışların müzakirəsini planlaşdırır.
Nizam Nuriyev