Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toyota” və “Panasonic” elektromobillər üçün akkumulyatorlar istehsal edəcək


Yaponiyanın “Toyota Motor” və “Panasonic” şirkətləri elektromobillər üçün akkumulyatorlar buraxacaq birgə müəssisə yaratmağı planlaşdırırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, müəssisənin yaradılması barədə ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcəyi gözlənilir.

İlkin məlumatlara görə, “Toyota” müəssisənin səhmlərinin 51 faizinə, “Panasonic” şirkəti isə 49 faizinə sahib çıxacaq. Bununla yanaşı, “Panasonic” Yaponiya və Çində yerləşən beş yeni istehsalatı birgə müəssisəyə təhvil verəcək. ABŞ-da yerləşən və ölkənin “Tesla” avtomobil istehsalçısı ilə tərəfdaşlıqda fəaliyyət göstərən zavod hazırkı statusunu qoruyacaq.  

Məlumata görə, Yaponiya nəhəngləri diqqəti mövcud litium batareyalarla müqayisədə böyük enerji sıxlığına malik və daha təhlükəsiz olan bərk cisimli litium batareyalarının istehsalına yönəldəcəklər.

Bildirilir ki, 2020-ci ilədək tərəfdaşlar hazırda hibrid nəqliyyat vasitələrində istifadə edilən akkumulyatorları tutumuna görə 50 dəfə üstələyən akkumulyatorların seriyalı istehsalına başlamağı nəzərdə tuturlar. Akkumulyatorların “Toyota Daihatsu Motor”, “Mazda Motor”, “Honda Motor” və “Subaru” şirkətlərinə tədarük ediləcəyi gözlənilir.

Nizam Nuriyev






21/01/19    Çap et