Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib
“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib. Analitiklər müxtəlif ölkələrdə müxtəlif profilli şirkətlərdə işləyən 3 mindən çox İT direktorunun fikrini öyrəniblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, 21 yanvar 2019-cu ildə dərc edilmiş araşdırmada deyilir ki, hazırda şirkətlərin 37%-i bu və ya digər formada süni intellekt sistemlərini tətbiq edirlər. 2015-ci ildə bu göstərici 10%, 2018-ci ildə isə 25%-ə bərabər idi.
Ekspertlər bildirirlər ki, süni intellekt texnologiyalarından istifadə gündəlik əməliyyatların icrasını avtomatlaşdırmağa imkan verir. Məsələn, müəssisə və təşkilatlar çox vaxt süni intellekt texnologiyalarına əsaslanan çat xidmətlər, tövsiyə platformaları, həmçinin məlumatların təhlili üzrə "ağıllı" sistemlər tətbiq edirlər. Süni intellekt texnologiyalarına əsaslanan həllər bazarında sürətli inkişaf proqnozlaşdırılır: "elektron ağıl" ən müxtəlif sahələrdə tətbiq edilərək insanların gündəlik həyatını asanlaşdıracaq. “Frost & Sullivan” şirkətinin analitiklərinin proqnozuna görə, 2022-ci ilədək qlobal süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar təşkil edəcək.
Emil Hüseynov