“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb
“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın saxta “GPS” mobil proqram aşkarlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, “GPS Route Finder”, “GPS Live Street Maps”, “Maps GPS Navigation” və bir sıra digər proqramlar istifadəçiləri “Google Maps” servisinə yönləndirib. Mobil əlavə müəllifləri reklam bannerlərinin göstərilməsindən və reklamı söndürən premium abunəçiliyin satışından qazanc əldə ediblər. “Google Maps” reklam elanlarının olmadığı pulsuz servisdir.
Bildirilir ki, fırıldaqçılar istifadəçilərin etimadını qazanaraq faydasız əlavələrin 50 milyon dəfədən çox yüklənilməsinə şərait yaradıblar.
“Fırıldaqçılar potensial istifadəçiləri qanuni naviqasiya əlavələrindən oğurlanan saxta skrinşotlarla cəlb edirlər. Bu əlavələrin məqsədi reklam gəliri (asan qazanc) əldə etməkdən ibarətdir. Onlar naviqasiya texnologiyalarına və ən yeni texnologiyalara malik olmasalar da, yalnız “Google Maps” servisindən düzgün istifadə etmirlər”, – şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Lukas Stefanko bildirib.
Şirkətin qeyd etdiyi bir sıra saxta “GPS” mobil proqramları hələ də “Google Play” mağazasında mövcuddur. Zərərli və arzuolunmaz əlavələrdən mühafizə üçün “Eset” mobil qurğular üçün etibarlı antivirusdan istifadəni tövsiyə edir.
Nizam Nuriyev