Dünyada üzərində heç bir dəlik olmayan ilk smartfon hazırlanıb
Çinin "Meizu" şirkəti tərəfindən təqdim edilmiş "Zero" adlı smartfonda SİM kart üçün slot və dinamik üçün dəlik yoxdur.
"Vivo" şirkəti, həmçinin müvafiq texnologiya üzərində işləyir və hətta onu cari ilin fevralında "Mobile World Congress"də təqdim etməyi planlaşdırırdı, ancaq "Meizu" şirkəti onu qabaqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
ua.news" saytına istinadən yazır ki, yeni smartfonda düymələri "Samsung Galaxy S8/S9" və "iPhone 7,8" modellərində istifadə olunan "3D touch" texnologiyası ilə təchiz edilmiş sensor panellər əvəz edir. Dinamiklər ekran vasitəsilə ötürülən səslərin vibrasiyası yolu ilə kompensasiya edilir. Bu texnologiya ilk dəfə "Xiaomi" şirkəti tərəfindən istifadə edilib, amma "Meizu" onu daha da təkmilləşdirib.
Telefonda enerji doldurmaq üçün dəlik sürətli enerji doldurma texnologiyasını dəstəkləyən simsiz texnologiya ilə əvəz edilib. Qulaqlıqlar yalnız "Bluetooth 5.0" texnologiyası vasitəsilə qoşulur və işləyir.
"Meizu" şirkəti yeni smartfonunu "virtual eSIM" texnologiyası ilə təchiz edib. Ancaq bu texnologiya dünyanın bir çox ölkələrində dəstəklənmir.
Emil Hüseynov