Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” məhsullarında plastikdən istifadə dayandırılır


Cənubi Koreyanın “Samsung” şirkətinin qurğularında bu ildən etibarən ekologiya üçün zərərli materiallardan istifadə dayandırılacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-tech” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ilk növbədə smartfon, planşet və aksesuarlarda plastikdən istifadədən imtina ediləcək. Məsələn, istehsalçı tərəfindən enerjidoldurma qurğularında parlaq plastikin tətbiq edilməməsi məqsədilə onların dizaynı yenidən işlənib və ekoloji təmiz materiallarla əvəz olunub.

Bundan başqa, soyuducu, televizor və digər məişət texnikasının qablaşdırılmasında malların daşınması üçün istifadə edilən plastik plyonkadan istifadə dayandırılacaq. Yeni qoruyucu plyonka emal edilmiş materiallardan və bərpa edilən materiallardan hasil edilən bioplastikdən hazırlanıb.

Həmçinin “Samsung” mallarında adi kağız böyük “yaşıl” təşkilatlar tərəfindən sertifikatlaşdırılan ekoloji kağızla əvəz ediləcək.

Bildirilir ki, “Samsung” şirkəti bu yeniliklər vasitəsilə tullantıları minimuma endirmək və insanlara plastik zibil və tükənən resurslarla bağlı problemin həllində kömək etmək niyyətindədir. Şirkət 2030-cu ilədək 500 min ton zərərli plastik emalını və 7,5 ton tullantı toplamağı planlaşdırır.  

Nizam Nuriyev






28/01/19    Çap et