Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt texnologiyaları bazarında dördqat artım proqnozlaşdırılır


“Frost & Sullivan” konsaltinq şirkəti 2017-ci ildə süni intellekt texnologiyaları bazarının həcminin 13,4 milyard dollar təşkil etməsini açıqlayaraq 2022-ci ilədək bu göstəricinin dörd dəfə artaraq 52,5 milyard dollara çatacağını proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yaxın illərdə qlobal miqyasda süni intellekt üçün illik xərclərin 31 faiz artacağı gözlənilir. 2030-cu ilədək belə texnologiyaların tətbiqi dünya məhsul və xidmətlər bazarının həcmini 15,7 trilyon dollar artıracaq.

Hazırda süni intellekt layihə və startaplarına investisiyaların məbləğinə, eləcə də imzalanmış investisiya sazişlərinin sayına görə ABŞ lider olaraq qalır. Sonrakı mövqelərdə Çin və Böyük Britaniya qərarlaşıb.  

Lakin süni intellekt texnologiyaları və şirkətlərinə orta investisiya həcmi baxımından lider Çindir. Son iki ildə ölkədə orta saziş üçün 100 milyon dollardan çox xərclər nəzərdə tutulub. ABŞ və Böyük Britaniyada bu göstəricilər müvafiq olaraq 15 və 5,4 milyon dollara bərabər olub.

Tədqiqatda qeyd olunur ki, süni intellekt kompüter texnologiyalarında tədqiqatlar üçün aparıcı istiqamətlərdən olaraq qalır. Sahəyə belə diqqət süni intellektin insanın düşünmə prosesini imitasiya edərək birtipli vəzifələrin yerinə yetirilməsi üçün proqramlaşdırılan adi kompüterlərdən daha effektiv öz-özünə öyrənməsi və müxtəlif əməliyyatlar yerinə yetirməsi ilə əlaqədardır.

Süni intellekt sahəsində nailiyyətlər innovativ ideyaların keyfiyyətini və sayını artırmaqla şirkətlərə onların ölçüsündən asılı olmayaraq rəqabət aparmağa imkan verir. Süni intellektin müxtəlif texnoloji sahələrində tədqiqatlarla “IBM”, “Google”, “CloudMinds”, “Affectiva” və s. kimi şirkətlər də məşğul olur.

2018-ci ildə investorlar arasında daha çox populyar Çinin “SenseTime” (1,2 milyard dollar investisiya yatırılıb), “UBTech Robotics” (820 milyon dollar), “Megvii Technology” (600 milyon dollar), “YITU Technology” (300 milyon dollar) və ABŞ-ın “Dataminer” (391 milyon dollar), “CrowdStrike” (200 milyon dollar) və “Pony.ai” (214 milyon dollar) şirkətləri olub. Texnoloji süni intellekt startapları “Alibaba Group”, “Fidelity International”, “General Atlantic”, “Accel” və s. şirkətlərin diqqətini cəlb edib.

Tibdə süni intellekt əsasən tibbi məlumatlarda qanunauyğunluqların müəyyənləşdirilməsi üçün istifadə olunur və müalicənin dəqiqliyini xeyli artırmağa imkan verməklə mümkün səhv diaqnozların qoyulmasını minimuma endirir və müalicə xərclərini azaldır.  

Nizam Nuriyev






29/01/19    Çap et