Çin bu il orbitə 10 naviqasiya peyki çıxaracaq
Çin 2019-cu ildə “Beidou” naviqasiya peykinin formalaşdırılması üçün orbitə 10 peyk çıxarmağı planlaşdırır. Bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Belta” resursuna istinadən yazır ki, korporasiyanın kosmik departamentinin rəhbəri Şan Çji qeyd edib ki, peyklərin buraxılışı 2020-ci ilədək “Beidou” qlobal naviqasiya sistemini tam formalaşdırmağa kömək edəcək.
Məlumata görə, Çin 2018-ci ildə sistemin 18 peykinin buraxılışını həyata keçirib. Naviqasiya sistemi artıq qlobal xidmətlər göstərməyə başlayıb. Məsələn, Çinin böyük şəhərlərində təxminən 6,17 milyon nəqliyyat vasitəsi, 35 min poçt və kuryer çatdırılma vasitəsi, eləcə də 80 min avtobus “Beidou” naviqasiya sistemi ilə təchiz edilərək ona uyğunlaşdırılıb. Sistem, həmçinin Çin mülki aviasiyasında geniş tətbiq edilir.
Bundan başqa, “Beidou” sistemi ölkənin kənd təsərrüfatı sektorunda geniş istifadə olunur. Avtomatik kənd təsərrüfatı texnikası idarəetmə sistemi bütün ölkədə tətbiq edildiyi halda naviqasiya sisteminə əsaslanan kənd təsərrüfatı müşahidə platforması 50 mindən çox kənd təsərrüfatı maşın və avadanlığına xidmət göstərir.
Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” regional peyk naviqasiya sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır. Bunun baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq.
Nizam Nuriyev