Süni intellekt sahəsində texnologiyaların hazırlanması üzrə lider ölkələr məlum olub
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının süni intellektin inkişafına həsr edilmiş ilk hesabatında deyilir ki, son 50-60 ildə tədqiqatçılar musiqi bəstələyən və şəkil çəkən, diaqnoz qoyan, cərrahi əməliyyatlar həyata keçirən və ya ev təmizliyi ilə məşğul olan insanabənzər robotlar, maşın tərcüməsi və səsin tanınması proqramları, sürücüsüz avtomobillər kimi 340 min ixtiraya patent almaq üçün sifariş veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
news.un.org” saytına istinadən yazır ki, süni intellektlə bağlı bütün ixtiraların 50%-dən çoxu 2013-cü ildən sonra patentlənib.
Hazırda süni intellekt texnologiyaları üzrə ən böyük patent portfeli (8290 ixtira) ABŞ-ın “International Business Machines Corp” (IBM) şirkətinə məxsusdur. İkinci yeri tutan ABŞ-ın “Microsoft Corp” korporasiyasının aktivində 5930 ixtira var. İlk beşlikdə Yaponiyanın “Toshiba Corp”, Cənubi Koreyanın “Samsung Group” və Yaponiyanın “NEC Group” şirkətləri yerləşib.
Süni intellekt sahəsində hazırlamalar üçün patentlərin alınması tempinə görə liderlik edən 20 elmi təşkilatdan 17-si Çinin payına düşür.
Ekspertlər bildiriblər ki, son zamanlar robot texnikasında süni intellektdən istifadə üzrə patent sifarişlərinin sayı artıb.
Emil Hüseynov