Qazaxıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İKT nazirlərinin üçüncü görüşü keçirilib
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin üçüncü görüşündə iştirak edib.
İclasda kibertəhlükəsizlik, elektron hökumət, peyk xidmətləri və "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, eləcə də İKT ilə bağlı digər prioritet istiqamətlər üzrə mövcud əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Macarıstan və digər ölkələrin sahə üzrə məsul şəxsləri iştirak edib.
Tədbirdə çıxış edən Elmir Vəlizadə Azərbaycanda İKT sahəsində həyata keçirilən dövlət siyasətindən, görülən irimiqyaslı işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. O, Azərbaycanın informasiya cəmiyyətinin fəal üzvü olduğunu qeyd edib. Bu gün kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət ayrıldığını qeyd edən nazir müavini Azərbaycanın "Kibertəhlükəsizlik üzrə Milli Strategiya"sının hazırlandığını bildirib. Bundan başqa, E.Vəlizadə hər il Bakıda kibertəhlükəsizlik üzrə regional təlimlərin keçirildiyini xatırladaraq, bu təlimlərdə TDƏŞ-ə üzv ölkələrin mütəxəssislərinin iştirakını məqsədəuyğun sayıb.
Nazir müavini ölkəmizdə əhalinin 80 faizdən çoxunun internet, internet istifadəçilərinin 73 faizinin isə genişzolaqlı internet istifadəçisi olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanda mobil rabitə abunəçilərinin sayının ölkə əhalisinin 106 faizini təşkil etdiyini vurğulayıb.
Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlı təqdimatla çıxış edib. Sonra tərəflər arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
İclasın yekununda protokol qəbul olunub və növbəti görüşün 2020-ci ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.