Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil “Əşyalar interneti” üçün yeni “Ericsson” həlləri təqdim olunub


İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı operatorlara maşınqayırma, sənaye istehsalı və mənzil-kommunal təsərrüfatı sahələrində müxtəlif “Əşyalar interneti” (IoT) layihələrini həyata keçirməyə imkan verən yeni həllər təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkət “Əşyalar interneti” biznesini dörd istiqamət çərçivəsində inkişaf etdirmək niyyətindədir: kütləvi “Əşyalar interneti” (Massive IoT), genişzolaqlı “Əşyalar interneti” (Broadband IoT), kritik senarilər üçün “Əşyalar interneti” (Critical IoT) və sənayenin avtomatlaşdırılması üçün “Əşyalar interneti” (Industrial Automation IoT). Şirkət nümayəndələrinin sözlərinə görə, genişzolaqlı “IoT” və sənayenin avtomatlaşdırılması üçün “IoT” yeni həllərdir.

Məlumata görə, “Ericsson” şirkəti mobil “Əşyalar interneti” konsepsiyasının inkişafı çərçivəsində kütləvi “IoT” üçün təkmilləşdirilmiş funksiyalar da təqdim edib. Bunun sayəsində “NB-IoT” mobil stansiyalarının radiusunu proqram təminatının yenilənməsi hesabına standart 40 km-dən 100 km-dək genişləndirmək mümkün olub.

Şirkət tərəfindən genişzolaqlı “Əşyalar interneti” üçün təqdim edilən yeni məhsullara dronların aşkarlanması və rabitə kanallarının idarəetməsi texnologiyaları, radio şəbəkəsinin seqmentləşdirilməsi üçün həllər, qrup abunəçilərinə təkmilləşdirilmiş xidmət üçün funksiyalar (Advanced Subscriber Group Handling) və “LTE” şəbəkəsində məlumatları 2 giqabit sürətində və minimal yubanma (10 millisaniyə) ilə göndərməyə imkan verən “Multi-Gigabit LTE” bazasında xidmətlər üçün həllər daxildir.

Nizam Nuriyev






04/02/19    Çap et