Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Birlikdə daha yaxşı internet üçün”
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür.
Bu əlamətdar gün 2004-cü ildə Avropa Komissiyasının qərarı ilə təsis edilib və hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunur.
Bu il “Birlikdə daha yaxşı internet üçün” şüarı ilə qeyd olunan Təhlükəsiz İnternet Gününün əsas məqsədi dünyada, xüsusən uşaq və yeniyetmələr arasında onlayn texnologiyalar və mobil telefonlardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Rəqəmli texnologiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Buna görə də internetdə təhlükəsizliyin təmin edilməsi müasir dövrün ən aktual tələblərindən biri sayılır. Bu da, ilk növbədə, pozitiv kontentin çoxaldılmasını, adi istifadəçilərin təhlükəsizliyin əsasları haqda məlumatlandırılmasını zəruri edir.
2005-ci ildən “Insafe” (“European Safer Internet Network”) qeyri-kommersiya təşkilatı dünyada Təhlükəsiz İnternet Gününün əsas əlaqələndiricisi kimi çıxış edir. Avropa Birliyinə üzv dövlətlər, həmçinin İslandiya, Norveç və Rusiya “Insafe” təşkilatının üzvüdür.
Bu il Beynəlxalq Təhlükəsiz İnternet Günü dünyanın 130 ölkəsində, eləcə də, Azərbaycanda qeyd olunur.
05/02/19 Çap et