"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) ötən il ərzində "Vahid Çağrı Mərkəzi – 155" üzrə 2 milyona yaxın sorğu qəbul edib.
Daxil olmuş zənglərin 800 minə qədəri "Baktelecom" şəbəkəsi üzrə, 1 milyondan çox zənglər sorğu-məlumat xidməti üzrə emal edilərək müvafiq struktur bölmələrinə yönləndirilib. Eyni zamanda "baktelecom.az" saytının onlayn-çat bölməsinə müraciət edənlərin 30 minə qədər sorğusu cavablandırılıb, həlli tələb olunan məsələlər icraata göndərilib.
Çağrı mərkəzi operatorları tərəfindən qeydə alınan 44% müraciət internet, 29% müraciət telefon, 25% müraciət "Baktelecom"un digər xidmətləri ilə bağlı olub. Qalan 2% sorğu isə qurumun xidmətləri üzrə ödənişlərin payına düşür.
"Baktelecom"un təşəbbüsü ilə müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə il ərzində mərkəzin operatorları qurum tərəfindən icra olunan "Simsiz rabitə" və "Evədək optika" layihələri üzrə xidmət keyfiyyətinin ölçülməsini qeydə alan sorğular həyata keçirib.
"Baktelecom" abunəçiləri həftənin 7 günü, 24 saat olmaqla müraciətlərin anında qeydiyyatını və operativ həllini həyata keçirməyə imkan yaradan "Vahid Çağrı Mərkəzi – 155"-ə zəng etməklə Azərbaycan, rus və ingilis dillərində xidmət ala bilərlər.
Qeyd edək ki, "Vahid Çağrı Mərkəzi – 155" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müştəri məmnuniyyətinin yüksəldilməsi və vətəndaşların rahat müraciəti üçün yaradılıb.