Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokio Olimpiadası üçün medallar elektron tullantılardan hazırlanacaq


Üç il əvvəl "Tokio-2020" Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idmançılar üçün medalların hazırlanmasında elektron tullantılardan istifadə etmək niyyətində olduğunu açıqlayıb. Atılmış və utilizasiya üçün təhvil verilən qurğulardan tonlarla bürünc, gümüş və qızıl hasil ediləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, komitə nümayəndələrinin sözlərinə görə, bu prosesə Yaponiya ictimaiyyəti, şirkətlər, eləcə də yerli və xarici idmançılar tərəfindən böyük dəstək göstərilib. Təşəbbüs sayəsində bələdiyyələr tərəfindən təxminən 47 488 ton elektron tullantı toplanılıb. Bura istifadəçilərin yerli NTT DOCOMO operatorunun mağazalarına təhvil verdiyi 5 milyona yaxın köhnə telefon da daxildir. Bundan başqa, poçt şöbələrində və digər ictimai müəssisələrdə köhnə texnikanın qəbulu üçün məntəqələr quraşdırılıb.   

Bildirilir ki, 2018-ci ilin iyununda 2700 kiloqram təkrar emal edilmiş bürünc əldə edilib, oktyabrda isə tələb olunan 30,3 kq qızılın 93,7 faizi və 4100 kq gümüşün 85,4 faizi hasil olunub. Komitə nümayəndələri əmindir ki, toplanılmış ehtiyatlar sayəsində bu ilin martınadək medalların hazırlanması üçün kifayət qədər metal əldə ediləcək.

Olimpiada 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Nizam Nuriyev






09/02/19    Çap et