Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aparıcı İT şirkətləri “5G” şəbəkəsi üzərində birgə çalışacaqlar


İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı və ABŞ-ın “Intel” mikroprosessorlar tərtibatçısı uzunmüddətli əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində şirkətlər beşinci nəsil mobil rabitə şəbəkəsi infrastrukturunun inkişafı barədə razılığa gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tərəfdaşlar avadanlığın idarə olunması üçün nəzərdə tutulan və aparat infrastrukturunun çevik istismarını təmin edən platformanın yaradılması üzərində işə başlayıblar. Həll rabitə operatorlarına kommersiya xidmətlərini daha tez istismara verməyə, mövcud resurslardan maksimum istifadə etməyə və şəbəkəyə sahiblik üçün ümumi qiyməti azaltmağa kömək edəcək.  

Saziş çərçivəsində şirkətlər “Ericsson SDI Manager” (SDI) və “Intel Rack Scale Design” (Intel RSD) proqram təminatının hazırlanmasında əməkdaşlıq edəcəklər, eləcə də bu həllərin inkişafı məqsədilə qabaqcıl idarəetmə funksiyaları tətbiq olunacaq. Bu, operatorlar üçün müxtəlif istehsalçıların avadanlıqlarından eyni anda istifadəni sadələşdirəcək.

Şirkətlər “Ericsson SDI Manager” və “Intel RSD” proqram təminatlarının konvergensiyasını, eləcə də bu həllərin sifarişçilər üçün tam əks uyğunluğunu təmin edəcəklər. İstehsalçılar tərəfindən birgə hazırlanan proqram və aparat təminatı “Ericsson” aparat platforması ilə birlikdə təklif olunacaq və tərəfdaşlar vasitəsilə təklif edilən və müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulan “Intel” server məhsulları ilə tədarük ediləcək.  

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev






13/02/19    Çap et